Eyni zamanda Tramp qeyd edib ki, əgər “qəbulolunan razılaşma əldə edilməsə”, əvvəlcədən hazırlanmış plan qüvvəyə minəcək.
İsrail mənbəsi “Yediot Ahronot” nəşrinə bildirib ki, “Tehranda böyük ruh yüksəkliyi hökm sürür, orada özlərini qalib hesab edirlər, çünki Tramp yalnız hədələyir”.
İranlı rəsmi Möhsün Rəzəvi isə ABŞ prezidentini “ələ salıb”. Onun sözlərinə görə, Tramp “hücum üçün vaxt müəyyən edib, sonra isə İran xalqı və hakimiyyətinin təslim olacağına dair saxta ümidlə qərarını özü ləğv edib”.
İran Prezidenti Məsud Pezeşkian isə daha balanslı açıqlama verib. “Dialoq kapitulyasiya demək deyil. İran İslam Respublikası İran xalqının hüquqlarını qorumaq üçün bütün səlahiyyətlərə malik olaraq dialoqa ləyaqətlə başlayır. Biz qanuni hüquqlarımızdan geri çəkilməyəcəyik”, - deyə o, “X” sosial platformasında yazıb.
Trampın sözlərinə görə, İrana qarşı yeni hücum mayın 19-da başlamalı idi. Həmin gün Rusiya Prezidenti Putinin Pekinə rəsmi səfəri başlayıb. Belə təəssürat yaranır ki, ABŞ prezidentinin “qısamüddətli dedlaynı” Si Cinpin-Putin danışıqları ilə bağlıdır.
Kreml Putinin səfər proqramını yayımlayıb. Proqrama əsasən, mayın 20-si axşam Rusiya və Çin liderləri ikinci dəfə “çay süfrəsi arxasında” görüşəcəklər. Görünür, əsas danışıqlar məhz bu formatda aparılacaq.
Putinin köməkçisi Uşakov TASS-a bildirib ki, “beynəlxalq siyasətin həssas məsələləri müzakirə olunacaq”. Donald Tramp Pekindən Vaşinqtona qayıdarkən jurnalistlərə deyib ki, İranın “nüvə tozunu” çıxarmaq imkanına yalnız ABŞ, “bəlkə də Çin də malikdir”.
Bundan əvvəl o, İranın zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya “mühafizə üçün verilməsi” variantını rədd etmişdi. Si Cinpin Putini İranın zənginləşdirilmiş uran ehtiyatlarının Çinə köçürülməsinə razı sala biləcəkmi? Donald Tramp məhz bu razılaşmanı gözləyirmi?
Asif Cəfərov
Ordu.az