ABŞ HDQ-də görünməyən “zəlzələ”: Üç yüksək rütbəli zabitin eyni vaxtda uzaqlaşdırılması nəyin göstəricisidir?

2026/06/Ekran-1780723997.jpg
Oxunub: 297     09:32     06 İyun 2026    
Eyni hərbi hissədə üç rəhbər zabitin eyni vaxtda vəzifədən uzaqlaşdırılması olduqca nadir hadisədir. Buna baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri SRF-JRMC-nin üç rəhbər əməkdaşını eyni anda vəzifədən kənarlaşdıraraq səbəb kimi konkret açıqlanmayan “etimadın itirilməsini” göstərib.

ABŞ Hərbi Dəniz Qüvvələri çərşənbə günü təsdiqləyib ki, ABŞ Hərbi Dəniz Gəmi Təmir Müəssisəsi və Yaponiya Regional Texniki Xidmət Mərkəzinin (SRF-JRMC) komandiri, icraçı zabiti və baş komanda çavuşu vəzifələrindən uzaqlaşdırılıb.

“Regional Texniki Xidmət Mərkəzinin komandiri kontr-admiral Den Lannaman SRF-JRMC-nin komandiri kapitan Vendel Penetrante, icraçı zabiti kapitan Edvin Katubiq və baş komanda çavuşu baş kiçik zabit Tomas Haullu vəzifələrindən azad edib”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilib.

ABŞ ordusu bu cür qərarların səbəblərini adətən ictimaiyyətə açıqlamır. Rəsmi məlumatda qeyd olunub ki, hər üç zabitin vəzifədən uzaqlaşdırılması “onların rəhbərlik etmək qabiliyyətinə olan etimadın itirilməsi” ilə bağlıdır.

“Etimadın itirilməsi” ifadəsi kifayət qədər ümumi xarakter daşıyır və bəzən sadəcə rəhbərin tutduğu vəzifəyə uyğun olmaması mənasına gələ bilər. Lakin hərbi hissənin rəhbər heyətindən üç nəfərin eyni vaxtda vəzifədən uzaqlaşdırılması olduqca nadir haldır. Bu hadisə xüsusilə ona görə diqqət çəkir ki, müəssisə yaxın vaxtlarda yeddi gəminin planlaşdırılandan əvvəl ABŞ-nin 7-ci Donanmasının xidmətinə qaytarıldığını açıqlamışdı. Bu isə adətən komandanlıq üçün uğur göstəricisi hesab olunur. Vendel Penetrante müəssisəyə 2025-ci il fevralınadək rəhbərlik edib.

Bu vəzifədən uzaqlaşdırmalar barədə məlumat ABŞ müharibə naziri Pit Heqsetin bir neçə yüksək rütbəli zabitin, o cümlədən üç qadının və iki qaradərili kişinin admiral rütbəsinə yüksəldilməsini bloklaması xəbərlərindən cəmi bir neçə gün sonra yayılıb. Aprel ayında isə ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Con Felan da vəzifəsindən uzaqlaşdırılmışdı. Məlumatlara görə, buna səbəb təklif olunan “Trump” sinfinə məxsus döyüş gəmilərinin inşası üzrə iddialı qrafikin yerinə yetirilməməsi olub.

SRF-JRMC komandanlığı haqqında

Hər üç şəxs SRF-JRMC-də xidmət edirdi. Bu qurum ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ABŞ-nin 7-ci Donanması üçün orta və əsaslı təmir xidmətləri göstərir.

Qurumun qərargahı Yaponiyanın Yokosuka şəhərində yerləşən ABŞ Donanma Fəaliyyətləri Bazasındadır. Baza Tokiodan təxminən 64 kilometr cənubda yerləşir. SRF-JRMC-nin Yaponiyanın Sasebo şəhərində və Sinqapurun “Changi” Hərbi Dəniz Bazasında da bölmələri fəaliyyət göstərir. “Kapitan Con Bauer Xilasetmə və Dalğıc Əməliyyatları İdarəsinin rəhbəri, müvəqqəti olaraq SRF-JRMC komandirinin vəzifələrini icra edir”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələri bildirib.

Açıqlamada, həmçinin qeyd olunub: “Sahil əməliyyatları zabiti komandir Devid Reynhardt müvəqqəti olaraq SRF-JRMC-nin icraçı zabitinin vəzifələrini yerinə yetirir. Regional Texniki Xidmət Mərkəzinin baş komanda çavuşu baş kiçik zabit Devid Markus isə müvəqqəti olaraq SRF-JRMC-nin baş komanda çavuşu vəzifəsini icra edir”.

Qurum bildirib ki, bu dəyişikliklər “komandanlığın missiyasına heç bir təsir göstərməyəcək”.

SRF-JRMC ABŞ Hərbi Dəniz Qüvvələrinin xaricdə yerləşən ən böyük gəmi təmiri müəssisəsidir. Onun tarixi 1864-cü ildə Tokuqava şoqunatı tərəfindən yaradılmış “Yokosuka” Dəmir Zavoduna qədər gedib çıxır.

İkinci Dünya müharibəsinə qədər həmin müəssisə Yaponiya İmperator Donanmasının ən böyük gəmiqayırma zavodlarından və təmir mərkəzlərindən birinə çevrilmişdi. Burada 40 mindən çox işçi çalışırdı. Zavod Yaponiya İmperator Donanması üçün 100-dən çox döyüş gəmisinin inşasını həyata keçirmişdi.

Müharibədən sonra ABŞ ordusu müəssisənin bir hissəsinə nəzarəti ələ keçirdi və 1947-ci il aprelin ayında Yaponiyadakı ABŞ qüvvələri “Yokosuka” Donanma Fəaliyyətləri Bazasında rəsmi olaraq “Gəmi Təmir İdarəsi”ni istifadəyə verdi. 1951-ci ildə qurumun adı dəyişdirilərək ABŞ Hərbi Dəniz Gəmi Təmir Müəssisəsi adlandırıldı.

2004-cü il oktyabr ayında komandanlıq yenidən təşkil olundu və SRF-JRMC adını aldı. Bu qurum ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ-nin 7-ci Donanması üçün tam xidmət göstərən, nüvə texnologiyaları ilə məşğul olmayan gəmiqayırma zavodu və texniki xidmət mərkəzi kimi fəaliyyət göstərir. O, Yaponiyada və Cənub-Şərqi Asiyada yerləşən ABŞ hərbi gəmilərinə dəstək verir.

Müəssisədə təxminən 120 ABŞ hərbçisi, 320-dən çox ABŞ dövlət qulluqçusu və 2500-ə yaxın yüksək ixtisaslı yapon əməkdaşı çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Zabit   Kadr  


Bizi "telegram"da izləyin