Ordu.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris mayın 19-da İrəvanda keçirilən mətbuat konfransında danışıb.
Litvalı nazir xatırladıb ki, Litva 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə olub və bu gün ikitərəfli siyasi-diplomatik əlaqələr əvvəlkindən daha möhkəmdir.
Budris vurğulayıb ki, imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə təhsil texnologiyaları, dövlət sisteminin rəqəmsallaşdırılması, bərpa olunan enerji, süni zəka və kibertəhlükəsizlik kimi sahələrdə ortaq ambisiyaların səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir.
Onun sözlərinə görə, Vilnüs əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi və hər iki xalqa fayda verməsi üçün öz təcrübəsini bölüşməyə hazırdır.
Kyastutis Budris Ermənistanın “avropalaşma” prosesinə xüsusi diqqət ayıraraq bildirib ki, bu proses İrəvan üçün ilk növbədə daxili güclənmə, institutların modernləşdirilməsi və demokratiyanın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, Litva vizaların liberallaşdırılması üçün zəruri islahatların həyata keçirilməsində İrəvana fəal dəstək verir.
Nazir ümid etdiyini bildirib ki, bu proses mümkün qədər sürətləndiriləcək və yaxın gələcəkdə Ermənistan vətəndaşları təxminən yarım milyard əhalisi olan Avropa İttifaqı məkanında sərbəst hərəkətin üstünlüklərindən yararlanaraq demək olar ki, məhdudiyyətsiz səyahət edə biləcəklər.
Təhlükəsizlik məsələsinə toxunan nazir Litvanın Cənubi Qafqazda sülh prosesini tam dəstəklədiyini bildirib və Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edib.
Bununla yanaşı, o, sülh və demokratiyaya can atmanın necə düşmən addım kimi qiymətləndirilə biləcəyini anlamadığını deyib.
Nitqinin sonunda Budris vurğulayıb ki, “demokratik ölkələr dünyada ən zəngin dövlətlərdir və bir-biri ilə heç vaxt müharibə aparmırlar”, buna görə də Ermənistanın bu sabit və firavan ailənin tamhüquqlu üzvünə çevrilmək üçün bütün qanuni əsasları var.
Alpər Mövludoğlu
Ordu.az