Kiyevdə doqquzmərtəbəli binaya Rusiyanın raket zərbəsi nəticəsində 24 nəfərin həlak olması ilə əlaqədar matəm elan edilib

2026/05/1778836032.jpg
Oxunub: 334     13:06     15 May 2026    
Kiyev hakimiyyəti şəhərin Darnitski rayonunda yaşayış binasına endirilən Rusiya zərbəsi nəticəsində həlak olanların xatirəsinə mayın 15-ni matəm günü elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Son məlumatlara görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla 24 nəfər ölüb. Doqquzmərtəbəli binanın bir hissəsi dağılıb.

28 saatdan artıq müddətdə hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılıb və insanlar dağıntılar altından çıxarılıb. Ümumilikdə 30 nəfəri xilas etmək mümkün olub.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, yaşayış binasına zərbə X-101 sinfinə məxsus “hava-yer” qanadlı raketi ilə endirilib.

Onun sözlərinə görə, raketin üzərindəki işarələrə əsasən onun çox yaxın zamanda istehsal olunduğu müəyyən edilib.

“Bu o deməkdir ki, Rusiya hələ də sanksiyalardan yayınaraq komponentlər və avadanlıqlar əldə edir”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırış edib və qeyd edib ki, məhz Ukrayna Avropanı və dünyanı bu cür zərbələrdən qoruyur.

Ukrayna həmçinin Rusiya hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib. İclasın gələn çərşənbə axşamı keçiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, mayın 14-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya qarşı kombinə edilmiş raket-pilotsuz uçuş aparatı hücumu həyata keçiriblər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, ümumilikdə 56 raket və 675 pilotsuz uçuş aparatı istifadə olunub.

Hava hücumundan müdafiə sistemləri 41 raket və 652 pilotsuz uçuş aparatını məhv edib. Əsas hədəf Kiyev olub. Hücum ilin əvvəlindən bəri ən genişmiqyaslı hücum hesab edilir.

Bundan əvvəl istifadə edilən zərbə vasitələrinin sayına görə ən böyük hücum martın 24-də həyata keçirilmişdi. Həmin vaxt Rusiya ordusu 36 raket və 392 pilotsuz uçuş aparatından istifadə etmişdi.

Sonuncu dəfə Rusiya bombardmanı ötən ilin iyunun 17-də Ukrayna paytaxtında çoxmərtəbəli yaşayış binasının çökməsinə səbəb olmuşdu. Həmin vaxt yaşayış binasına endirilən zərbə nəticəsində 14 nəfər ölmüşdü.

Bundan sonra iyunun sonu və sentyabr ayında həyata keçirilən hücumlar beşmərtəbəli binaların qismən dağılması ilə nəticələnmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiyev   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin