Starmer: “Rusiya 2030-cu ilə qədər NATO ölkəsinə hücum edə bilər”

2026/04/1776675723.jpg
Oxunub: 256     16:19     06 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, kəşfiyyat məlumatlarına əsasən Rusiya 2030-cu ilə qədər NATO üzvü olan ölkələrdən birinə hücum edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Britaniyanın cənub-qərbində yerləşən pilotsuz uçuş aparatı istehsalı müəssisəsinə səfəri zamanı çıxış edən Starmer qeyd edib ki, məhz bu qiymətləndirmələr ölkənin müdafiə potensialının təcili şəkildə gücləndirilməsini zəruri edir.

“Bizim və NATO üzvü olan digər ölkələrin kəşfiyyat məlumatları göstərir ki, Rusiyanın NATO-ya qarşı hücumu artıq 2030-cu ilə qədər baş verə bilər”, - deyə Baş nazir vurğulayıb.

Starmer həmçinin bildirib ki, hökumət NATO-nun Türkiyədə keçiriləcək sammitinə qədər müdafiə sahəsinin inkişafına dair uzunmüddətli proqram təqdim edəcək. Onun sözlərinə görə, sənəddə nəzərdə tutulan bütün tədbirlər tam maliyyələşdirmə ilə təmin olunacaq.

Həmin gün Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qərargah rəisi Riçard Nayton da Rusiyadan qaynaqlanan təhdidlər fonunda ölkənin müdafiə imkanlarının sürətlə artırılmasının vacibliyini vurğulayıb.

O, BBC-yə müsahibəsində hazırkı dövrü 35 illik hərbi karyerasının ən təhlükəli mərhələsi adlandırıb.

“Rəqibləri düşünülməmiş addımlardan çəkindirmək üçün müttəfiqlərlə birlikdə silahlı qüvvələrimizin imkanlarını və döyüş hazırlığını artırmaq son dərəcə vacibdir”, - deyə Nayton bildirib.

Böyük Britaniya rəsmilərinin bu açıqlamaları NATO-nun baş katibi Mark Rüttenin daha əvvəl səsləndirdiyi xəbərdarlıqlarla üst-üstə düşür. Rütte Rusiyanın qarşıdakı beş il ərzində alyans ölkələrinə qarşı hərbi gücdən istifadə etməyə hazır ola biləcəyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Rusiya   NATO  


Bizi "telegram"da izləyin