Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Marls 40 ölkənin iştirakı ilə keçirilən görüşdən sonra bildirib ki, Avstraliya bölgədəki tapşırığa töhfə olaraq bir ədəd “Wedgetail “E-7A havadan erkən xəbərdarlıq və müşahidə təyyarəsi təqdim edəcək.
Qeyd edilib ki, həmin platforma hazırda İranın pilotsuz uçuş aparatı hücumlarına qarşı Birləşmiş Ərəb Əmirliklərini qorumaq üçün bölgədə yerləşdirilib.
“Tamamilə müdafiə məqsədli” adlandırılan bu təşəbbüs barədə Marls deyib:
“Avstraliya yaradıldıqdan sonra Britaniya və Fransa rəhbərliyində həyata keçiriləcək müstəqil və tamamilə müdafiə məqsədli çoxmillətli hərbi missiyaya dəstək verməyə hazırdır”.
Marls əlavə edib ki, çoxmillətli hərbi missiya diplomatik təmasları və gərginliyi azaltmaq səylərini tamamlayıcı xarakter daşıyacaq.
Açıqlamada həmçinin bu təşəbbüsün “beynəlxalq ticarətin təhlükəsizliyinə konkret bağlılığı nümayiş etdirməyi” hədəflədiyi bildirilib.
Qlobal enerji ticarətinin ən kritik keçid nöqtələrindən biri olan Hörmüz boğazında son vaxtlar artan hərbi gərginlik və hücum riski Qərb ölkələrini bölgədə yeni təhlükəsizlik mexanizmləri yaratmağa vadar edir.
Britaniya və Fransa rəhbərliyi ilə formalaşan yeni təşəbbüsün ticari gəmiçiliyin təhlükəsizliyini təmin etməyə fokuslanacağı, birbaşa hücum əməliyyatı xarakteri daşımayacağı qiymətləndirilir.
“Wedgetail” E-7A platforması isə inkişaf etmiş radar və hava müşahidə imkanları sayəsində hava məkanına nəzarət, erkən təhdid aşkarlanması və koordinasiya tapşırıqlarında mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az