Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə raket yerləşdirdiyi iddia edilir

2026/05/Ekran-1778741852.jpg
Oxunub: 554     10:57     14 May 2026    
Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə ROKETSAN istehsalı olan TRG-300 raketlərini yerləşdirdiyi iddia edilib.

Ordu.az xəbər verir ki, Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindəki hərbi mövcudluğunu müasir silah sistemləri ilə gücləndirməyə davam edir.

Cənubi Kiprin “Simerini” nəşrinin xəbərinə görə, Türkiyə Gönyeli bölgəsinə TRG-300 raket batareyaları yerləşdirib.

Xəbərdə bildirilir ki, 90 ilə 120 kilometr arasında mənzilə malik olan TRG-300 raketləri təkcə Cənubi Kiprin bütün ərazisini əhatə etmir, həm də bölgədəki Suriya və Livan dəhlizlərini nəzarət altında saxlayır.

Sözügedən raketlərin GPS/INS idarəetmə sistemi sayəsində yüksək dəqiqliyə malik olduğu, hava limanlarını, komanda mərkəzlərini və kritik infrastruktur obyektlərini sıradan çıxarma qabiliyyətinə sahib olduğu qeyd olunur.

“Polad Günbəz” komponentlərinin Kiprdə yerləşdirildiyi də iddia olunub.

Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətində yeni hava hücumundan müdafiə sistemləri yerləşdirdiyi və bu sistemlərin şəbəkə-mərkəzli komanda-idarəetmə arxitekturasına inteqrasiya edildiyi bildirilib.

Yenə “Simerini” qəzeti tərəfindən yayılan məlumata görə, daha əvvəl KORKUT sistemi Şimali Kipr Türk Cümhuriyyətinə yerləşdirilmişdi. İndi isə HİSAR hava hücumundan müdafiə sistemlərinin də bölgədə fəaliyyətə başladığı qeyd olunub.

Müvafiq sistemlərin HAKİM komanda-idarəetmə sistemi ilə bir-birinə bağlandığı da bildirilib. Xəbərdə HAKİM barədə belə deyilib: “Radarları, sensorları və hava hücumundan müdafiə sistemlərini vahid şəbəkədə birləşdirərək real vaxt hava mənzərəsi yaradır, təhdidləri təsnif edir və uyğun silah sistemlərinə nişanalma əmri verir. Sistem radioelektron əks-tədbirlərə davamlılığı və avtomatik təhdid prioritetləşdirmə qabiliyyəti ilə fərqli bölmələrin üst-üstə düşən nişanalmasını önləməyi və qərarvermə proseslərini saniyələr səviyyəsinə endirməyi hədəfləyir. Bu quruluş Beşparmak dağlarındakı 500 kilometr mənzilli TRS-22XX radar sistemi, Gönyelidəki 250 kilometr mənzilli STR-700G radar sistemi və digər elektro-optik sensorlarla inteqrasiya edilərək Türkiyə mərkəzli HAKİM şəbəkəsinə bağlanmış vəziyyətdədir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Şimali-Kipr  


Bizi "telegram"da izləyin