İsveçrə “Patriot” tədarüklərindəki gecikmələrə görə alternativ HHM sistemlərini qiymətləndirir

2026/05/1778741439.jpg
Oxunub: 334     10:45     14 May 2026    
İsveçrə ABŞ istehsalı olan MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemlərinin təhvilində yaşanan yeni gecikmələrdən sonra alternativ tədarük variantlarını qiymətləndirməyə başlayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Vaşinqton administrasiyası İranla müharibə səbəbindən “Patriot” sistemlərinin təhvil qrafikində əlavə gecikmələr yaşanacağını və xərclərin artacağını Bernə bildirib.

İsveçrə 2022-ci ildə beş “Patriot” hava hücumundan müdafiə sistemi sifariş etmişdi. İlkin plana əsasən sistemlərin 2026-2028-ci illərdə təhvil verilməsi nəzərdə tutulurdu.

Lakin əvvəlcə Ukraynadakı müharibə səbəbindən təqvim dörd-beş il təxirə salınmışdı. Son məlumatlara görə isə İranla bağlı münaqişələr səbəbindən təhvilin əlavə olaraq daha 5-7 il gecikə biləcəyi qiymətləndirilir.

İsveçrə mətbuatında yayılan xəbərlərə görə, beş “Patriot” sistemi üçün əvvəlcə təxminən 2,3 milyard İsveçrə frankı nəzərdə tutulan xərcin 4,6 milyard franka qədər yüksələ biləcəyi bildirilir.

İsveçrə hökuməti bütün variantların həm təhvil gecikməsi, həm də ciddi əlavə xərclər yaradacağını açıqlayıb.

İsveçrə uzaqmənzilli quru əsaslı hava hücumundan müdafiə sistemi tədarükü üçün Almaniya, Fransa, İsrail və Cənubi Koreyadan ümumilikdə beş fərqli təchizatçıdan məlumat tələb edib.

Bern administrasiyası mümkün olduğu halda Avropada istehsal edilən sistemlərə üstünlük vermək istədiyini açıqlayıb.

İsveçrə Federal Hökuməti apreldə “Patriot” alışının ləğv edilməsinin də variantlar arasında olduğunu bildirmişdi.

Federal Şuranın yaxın aylarda alternativ sistemlərlə bağlı qiymətləndirmələrdən sonra yekun qərarını verməsi gözlənilir.

ABŞ-nin İranla müharibə səbəbindən artan sursat və hava hücumundan müdafiə sistemi ehtiyacı daha əvvəl Avropa ölkələri ilə imzalanmış müqavilələrin təhvil qrafiklərinə də təsir göstərir.

“Reuters” Vaşinqton administrasiyasının avropalı müttəfiqlərinə mövcud müqavilələrdə gecikmələr yaşana biləcəyini bildirdiyini qeyd edib.

Bu inkişaf Avropa ölkələrində müdafiə tədarükündə ABŞ-dən asılılığın yenidən müzakirə olunmasına səbəb olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Patriot  


Bizi "telegram"da izləyin