Ötən il Ankoricdə ABŞ və Rusiya prezidentlərinin Ukrayna nizamlanmasının “ərazi komponenti ilə bağlı ümumi anlayış əldə etdiyi” barədə təbliğat tez-tez Rusiya prezidentinin köməkçisi Uşakov və Kremlin sözçüsü Peskov tərəfindən gündəmə gətirilirdi. Lakin təxminən iki ay əvvəl Rusiyanın xarici işlər naziri Lavrov açıq şəkildə bildirmişdi ki, “Ankoric ruhu buxarlanıb”.
ABŞ prezidenti açıq şəkildə bəyan edib ki, Ukrayna əraziləri məsələsində Putinlə nəinki razılıq, hətta qarşılıqlı anlaşma belə yoxdur. Söhbət Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını nəzərdə tutan nizamlama variantından gedir. Bunun müqabilində isə Rusiya “qoşunların təmas xətti boyunca atəşkəs elan etməyə hazır olduğunu” bildirir.
ABŞ prezidentinin Donetskin Ukraynanın nəzarətində olan əraziləri ilə bağlı sərt bəyanatı görünür ki, hələ də Kremldə və Xarici İşlər Nazirliyində “təhlil olunur”. Bunun əvəzində dövlət mediasının imkanları işə salınıb. May paradından dörd gün sonra “RİA Novosti” redaksiya məqaləsi yayımlayıb və orada Rusiya prezidentinin Ukraynadakı müharibənin yaxın zamanda başa çatacağı ilə bağlı açıqlamasının “düzgün başa düşülmədiyi” bildirilib.
Nəşr izah edib ki, Rusiya “hərbi əməliyyatları dayandıra bilməz, çünki Avropa Ukrayna ordusunu böyük müharibəyə hazırlayır”. Müəllif hərbi-siyasi vəziyyəti belə təqdim edib ki, Avropa “Ukraynaya deyil, özünə yatırım edir və Rusiyanın baxışına görə bu proses davam edə bilməz və etməyəcək”.
Bu fikirlər birmənalı şəkildə o mənaya gəlir ki, Rusiya Avropanın Ukrayna ordusunu modernləşdirməsinə və yenidən silahlandırmasına imkan verə bilməz. Məqsəd “böyük müharibənin” qarşısını almaqdır və buna görə də “Ukrayna silahlı qüvvələrinin darmadağın edilməsi üçün hər şey edilməlidir”.
“Financial Times” qəzetinin məlumatlı mənbələrinə görə, “Putin Donbasla kifayətlənməyəcək, onun məqsədi Kiyevdir”. Böyük ehtimalla bu, həqiqətə yaxındır. Əks halda Putin Dövlət Dumasının deputatı Zatulinin dövlət televiziyasının efirində “xüsusi hərbi əməliyyatın elan edilmiş məqsədlərini” sadalamasına və “onların heç birinin həyata keçirilmədiyini” deməsinə icazə verməzdi.
Görünür, Moskva Ukrayna dövlətçiliyinin məhv edilməsi planını yenidən formalaşdırıb.
Asif Cəfərov
Ordu.az