“Ermənistan-Rusiya münasibətlərinin müəyyən sağlamlaşmaya ehtiyacı var” - Mirzoyan

2026/06/1780822877.jpg
Oxunub: 237     12:58     07 İyun 2026    
“Ermənistan-Rusiya münasibətlərinin müəyyən sağlamlaşmaya ehtiyacı var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 7-də parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

Mirzoyan qeyd edib ki, hakimiyyət balanslaşdırılmış siyasətin və Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsinin tərəfdarı olub, digər siyasi qüvvələr isə Rusiya ilə əlaqələrin daha da inkişaf etdirilməsini müdafiə ediblər.

Erməni nazir Rusiya tərəfindən Ermənistan hakimiyyətinə ünvanlanan sərt və tənqidi bəyanatları, həmçinin yönləndirmə cəhdlərini və iqtisadi sanksiyaları gördüyünü bildirib.

“İstəsən də, istəməsən də bunları seçkilərlə əlaqələndirirsən”, - deyə o vurğulayıb.

Mirzoyanın sözlərinə görə, seçkilərdən sonra Rusiya tərəfi ilə sağlam və konstruktiv atmosferdə mövcud problemləri müzakirə etmək və hər iki ölkənin maraqlarına cavab verən həll yolları tapmaq mümkün olacaq.

“Düşünürəm ki, Ermənistan-Rusiya münasibətlərinin müəyyən sağlamlaşmaya ehtiyacı var. Ümid edirik ki, xüsusilə seçkilərdən sonra rusiyalı tərəfdaşlarımızla bu münasibətləri sağlamlaşdırmağa, vaxtaşırı ortaya çıxan problemləri müzakirə etməyə və həm Ermənistan Respublikasının, həm də Rusiya Federasiyasının maraqlarına uyğun həllər tapmağa nail olacağıq”, - deyə nazir bildirib.

Mirzoyan səsvermədə sülh, suveren və inkişaf edən Ermənistan naminə seçim etdiyini vurğulayıb.

“Sülhü dəstəklədinizmi?” sualına cavab olaraq o deyib: “Təbii ki, bəli və bunu çox açıq şəkildə etmişəm”.

Erməni nazir seçkilərdə iştirak səviyyəsinin yüksək olacağına əmin olduğunu da qeyd edib.

“Açığını desəm, iştirakın çox yüksək olacağına inanıram. Seçkiqabağı kampaniya zamanı əldə etdiyim təəssürat belədir. İnsanlar seçkilərlə çox maraqlanırlar və anlayırlar ki, ölkənin gələcəyi hər bir insanın səsindən asılıdır”, - deyə o bildirib.

Mirzoyanın fikrincə, bu parlament seçkiləri dönüş nöqtəsi sayıla bilər, çünki Ermənistan vətəndaşlarının böyük əksəriyyəti sülh naminə səs verəcək.

“Ermənistan xalqı bir daha bütün dünyaya göstərəcək ki, sülh gündəliyini bölüşür və ona sadiqdir. Sülh daha möhkəm suverenlik, həmçinin iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu barədə seçki kampaniyası zamanı da çox danışmışıq və bu yanaşma geniş dəstək qazanıb”, - deyə Ermənistan XİN başçısı qeyd edib.

O əlavə edib ki, Ermənistan xalqı əvvəllər də bu gündəliyə sadiqliyini dəfələrlə təsdiqləyib və hazırkı seçkilər bunu daha qəti şəkildə nümayiş etdirmək üçün növbəti imkandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin