Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Trampın ilkin 20 maddəlik sülh planı HƏMAS-ın ağır silahdan və tunel infrastrukturundan imtina etməsini, bundan sonra isə Qəzzada yeni fələstinli texnokrat hökumətin, yeni polis qüvvələrinin və beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını nəzərdə tuturdu. Lakin HƏMAS İsrailin bir sıra öhdəlikləri yerinə yetirməyincə, o cümlədən humanitar yardımın genişləndirilməyincə, “Rəfah” keçid məntəqəsi açılmayınca və anklava endirilən zərbələr dayandırılmayınca tərksilah məsələsini müzakirə etməkdən imtina edib.
Bu fonda Vaşinqton, “Sülh Şurası” və Qətər, Misir və Türkiyədən olan vasitəçilər HƏMAS-ın iştirakı olmadan irəliləmək qərarına gəliblər. Yeni yanaşmaya görə, planın icrasına qruplaşmanın nəzarət etmədiyi Qəzza ərazilərində başlanacaq. Orada fələstinli keçid hökumətinin yerləşdirilməsi, bərpa layihələrinin başlanması, beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və hazırlanması artıq Misirdə həyata keçirilməli olan yeni fələstin polisinin formalaşdırılması nəzərdə tutulur.
Sonrakı mərhələdə HƏMAS-ın nəzarətində qalan bölgələrdən fələstinlilərin bərpa üçün yaradılan yeni zonalara köçürülməsinin təşviq edilməsi nəzərdə tutulur. Lakin HƏMAS artıq belə hərəkətlərin qarşısını almağa çalışır və xüsusilə Rəfahda bərpa layihələri üçün işçilərin göndərilməsinə mane olur.
ABŞ həmçinin İsrailə aydın şəkildə bildirib ki, HƏMAS-a təzyiq göstərmək üçün Qəzzada genişmiqyaslı müharibənin yenidən başlanmasını dəstəkləmir və hesab edir ki, sülh planının həyata keçirilməsi üçün başqa yollar mövcuddur.
“Sülh Şurası”nın nümayəndələrinə görə, “B planı”nın rəsmi təqdimatı iyunun əvvəlində gözlənilir. Çətinliklərə baxmayaraq, Vaşinqton və tərəfdaşları HƏMAS-ın müqavimətinə rəğmən təşəbbüsü davam etdirmək niyyətində olduqlarını bildirirlər.
Sevinc Əliyeva
Ordu.az