Ordu.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Daha əvvəl İsrailin baş nazirinin ofisi bir bəyanat yayaraq iddia etmişdi ki, “Netanyahu BƏƏ-yə gizli səfər edib və Birləşmiş Ərəb Əmirlikləri prezidentilə görüşüb”.
“Birləşmiş Ərəb Əmirlikləri İsrailin baş naziri Binyamin Netanyahunun ölkəyə səfəri və ya onun ərazisində hər hansı İsrail hərbi nümayəndə heyətinin qəbul edilməsi barədə yayılan məlumatı təkzib edir”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.
BƏƏ həmçinin vurğulayıb ki, İsraillə münasibətlər gizli xarakter daşımır.
“BƏƏ təsdiqləyir ki, İsraillə münasibətləri açıqdır və geniş tanınan, rəsmi şəkildə elan edilmiş “İbrahim razılaşmaları” çərçivəsində qurulub. Bu münasibətlər gizlilik və ya gizli razılaşmalara əsaslanmır. Buna görə də BƏƏ-nin müvafiq rəsmi qurumlarından qaynaqlanmayan açıqlanmamış səfərlər və ya razılaşmalar barədə istənilən iddia əsassızdır”, - deyə bəyanatda bildirilir.
Bundan başqa, Əmirliklərin rəsmiləri mediaya dəqiqlik standartlarına əməl etməyə çağırıb.
“Dövlət kütləvi informasiya vasitələrini dəqiq olmağa, təsdiqlənməmiş məlumatları yaymamağa və onlardan siyasi təsəvvürlər yaratmaq üçün istifadə etməməyə çağırır”, - deyə nazirliyin açıqlamasında qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az