Ordu.az xəbər verir ki, bu barədə “Conversation” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, hələ XIX əsrin əvvəllərindən ABŞ elitaları Kubanı Vaşinqtonun təbii təsir zonası kimi qiymətləndirirdi.
“ABŞ-nin müstəqilliyi elan olunduqdan sonra bir çox siyasətçi hesab edirdi ki, Kuba gec-tez satınalma, ilhaq və ya siyasi nəzarət vasitəsilə Amerika orbitinə daxil olacaq. Adanın coğrafi yaxınlığı və Karib hövzəsində strateji mövqeyi onu ABŞ-nin regional strategiyasının əsas elementinə çevirirdi.
XIX əsrin sonlarında İspaniyanın müstəmləkə idarəçiliyinin zəifləməsindən sonra ABŞ faktiki olaraq Kubanın müstəqillik prosesinə müdaxilə edib. Kuba 1902-ci ildə rəsmi müstəqillik qazansa da, Vaşinqton ölkənin daxili işlərinə müdaxilə hüququnu özündə saxlayıb. Bu isə ABŞ-yə onilliklər boyu Kuba siyasətinə, iqtisadiyyatına və təhlükəsizlik sisteminə ciddi təsir göstərmək imkanı verib.
XX əsrin birinci yarısında Amerika kapitalı Kuba iqtisadiyyatının əsas sahələrində üstünlük təşkil edib, ölkə isə böyük ölçüdə ABŞ iqtisadiyyatının davamı kimi qəbul olunub. Amerika mədəni təsiri də Kuba cəmiyyətinə dərindən nüfuz edib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, kəskin dönüş 1959-cu ildə Fidel Kastronun inqilabından sonra baş verib.
“Yeni hakimiyyət milli suverenliyin bərpasını, Amerika hegemonluğundan imtinanı və müstəqil dövlət modelinin qurulmasını prioritet elan edib. Məhz ABŞ təsirinə qarşı bu çağırış onilliklər davam edən qarşıdurmanın əsas səbəblərindən birinə çevrilib.
Kuba üçün müstəqillik məsələsi milli kimliyin bir hissəsinə çevrilib. ABŞ üçün isə ada üzərində nəzarətin itirilməsi, xüsusilə Soyuq müharibə kontekstində strateji və ideoloji məğlubiyyət kimi qiymətləndirilib.
ABŞ və SSRİ arasında qlobal qarşıdurma başa çatdıqdan sonra da Kuba Vaşinqtonun xarici siyasətində simvolik məsələlərdən biri olaraq qalıb. 2014-cü ildə Barak Obama administrasiyası dövründə münasibətlərin normallaşdırılması cəhdi Kubanın suverenliyinin tanınmasına əsaslanan yeni mərhələyə ümid yaradıb.
Lakin Donald Tramp dövründə sərt siyasət xəttinə qayıdış köhnə təzyiq modelinin davamlı olduğunu bir daha göstərib”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, ABŞ-nin Kuba ilə bağlı “obsesiyasının” əsas səbəbi yalnız strateji hesablamalar deyil, həm də adanın tarixən nəzarət edilməli məkan kimi qəbul olunmasıdır.
“Tarix göstərir ki, Kuba sadəcə qonşu dövlət deyil, xarici təsirlə milli öz müqəddəratını təyinetmə arasında mübarizənin daimi simvoludur. Buna görə də Kubanın siyasi gələcəyini diktə etməyə yönəlmiş istənilən cəhd adada xüsusilə sərt reaksiya doğurur”, - deyə müəllif yazıb.
Sevinc Əliyeva
Ordu.az