Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, eyni zamanda Küveyt ərazisindən İraq istiqamətində cavab raket zərbələri həyata keçirilib.
Bildirilir ki, bu hücumlar Fars körfəzi regionunda həyata keçirilən və indiyədək əsasən ictimaiyyətdən gizli saxlanılan daha geniş hərbi əməliyyatların bir hissəsidir.
Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimal sərhədi yaxınlığında yerləşən silahlı qruplaşmaların obyektlərini vurub. Zərbələrin bir hissəsi 2026-cı il aprelin 7-də ABŞ ilə İran arasında atəşkəs məsələsinin müzakirə edildiyi vaxt baş verib.
Hücumlar nəticəsində Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərin buraxıldığı platformaların məhv edildiyi qeyd olunur.
İraq hərbi mənbələrinin məlumatına görə, raketlər ən azı iki dəfə Küveyt ərazisindən buraxılıb. Apreldə İraqın cənubuna endirilən zərbələrdən biri “Kətaib Hizbullah” qruplaşmasının rabitə qovşağını və pilotsuz uçuş aparatı bazasını məhv edib.
Hazırda raketlərin Küveyt Silahlı Qüvvələri və ya ABŞ hərbçiləri tərəfindən buraxıldığı dəqiq məlum deyil.
Sevinc Əliyeva
Ordu.az