Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Sərginin ən böyük stend sahəsinə və ən geniş məhsul çeşidinə malik şirkəti olan ASELSAN başda “Polad Günbəz” komponentləri olmaqla, dənizlərin dərinliklərindən kosmosa qədər müxtəlif sahələr üçün hazırladığı milli həlləri beynəlxalq nümayəndə heyətlərinə təqdim edib.
Sərgi çərçivəsində “Mavi Vətən”in yeni zərbə gücləri, “Polad Günbəz” üçün yeni imkanlar və hava hücumlarında oyun dəyişdirəcək sistemlərin təqdimatı keçirilib. Bu çərçivədə Türkiyənin ilk kamikadze insansız dəniz platforması KILIÇ, TUFAN kamikadze insansız dəniz platforması, ILGAR 3-LT Rabitə Radioelektron Mübarizə Sistemi, KORAL AD Hava Hücumundan Müdafiə Radioelektron Mübarizə Sistemi, MİĞFER özünümüdafiə FPV önləmə sistemi, GÖKALP avtonom kinetik pilotsuz uçuş aparatı məhvetmə sistemi, GÖKBERK 10 lazer silah sistemi, EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemi, FULMAR 500A və TOLUN-un üç fərqli variantı nümayiş etdirilib.
ASELSAN həmçinin ALP aşağı hündürlük radarı, GÜRZ hibrid hava hücumundan müdafiə sistemi, KORKUT hava hücumundan müdafiə sistemi, EJDERHA anti pilotsuz uçuş aparatı sistemi, GÖKBERK mobil lazer silah sistemi və PUHU sistemini də sərgiləyib.
Şirkət sərgi çərçivəsində İndoneziyanın PT REPUBLIK şirkəti ilə insansız dəniz platformalarının faydalı yük və kritik rabitə sistemləri üzrə müqavilələr imzalayıb. Bundan başqa, Oman müdafiə sənayesi şirkəti “Sinan Advanced Industries” ilə birgə müəssisənin yaradılmasına dair müqavilə bağlanıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib ki, SAHA 2026 şirkətin qlobal marka yolunda ən vacib mərhələlərdən biri olub.
“SAHA Türkiyənin müdafiə sənayesi və qabaqcıl texnologiyalar sahəsində çatdığı səviyyənin dünyaya nümayiş etdirildiyi mühüm platformadır. ASELSAN olaraq məqsədimiz artıq kütləvi istehsal imkanlarımızla qlobal liqada oyunqurucu kimi standartları müəyyən etməkdir”, - deyə Ahmet Akyol vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az