Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
BBC yazır ki, Putin xəbərdarlıq kimi Ukrayna nümunəsini də xatırladıb.
Putin Ermənistanın Avropa kursundan danışarkən “Məsələni son həddə çatdırmaq lazım deyil, sadəcə vaxtında demək lazımdır ki, biz belə və belə edəcəyik” ifadəsini işlədib.
“Moskva daha əvvəl də bəyan etmişdi ki, Ermənistan eyni vaxtda həm Avropa İttifaqına yaxınlaşa, həm də Avrasiya İqtisadi Birliyinin üzvü qala bilməz. Lakin bu dəfə Putin həmin kursu Ukrayna ssenarisi ilə əlaqələndirib. Bu isə yeni hökumət uğrunda mübarizədən əlavə, ölkənin gələcəyi ilə bağlı qərar kimi qiymətləndirilən səsvermə ərəfəsində baş verib.
Məhz Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməsi, Ukrayna məsələsi və “son həddə çatdırmaq lazım deyil” ifadəsi Putinin sözlərində demək olar ki, təhdid elementi görməyə səbəb olub.
Rusiya Prezidenti açıq şəkildə Ermənistanı Ukrayna ssenarisinin gözlədiyini deməsə də, onun cavabının siyasi mənası belə qəbul olunub”, - deyə nəşr bildirib.
BBC-nin yazdığına görə, Moskvanın öz təsir zonası hesab etdiyi ölkənin Avropa istiqamətini seçməsi ağır nəticələrə gətirib çıxara bilər.
Nəşrə görə, Kremlin dünyagörüşündə Ukrayna artıq Rusiyanın qonşu ölkəyə hücumunun nümunəsi deyil, əksinə, Moskvanın maraqlarını nəzərə almamağın hansı nəticələrə səbəb olduğunun örnəyi kimi təqdim olunur.
Nəşrin danışdığı erməni ekspertlər Putinin açıqlamalarının açıq şəkildə təhdid kimi səsləndiyini bildiriblər. Onların fikrincə, Putin iki ölkə arasındakı iqtisadi əlaqələr və erməni xalqının faydaları barədə danışaraq Rusiyanın Ermənistana qarşı mümkün enerji sanksiyalarına eyham vurub.
Ekspertlər hesab edirlər ki, Rusiya artıq təhlükəsizlik sahəsində Ermənistana əvvəlki kimi təzyiq göstərə bilmir. Onların sözlərinə görə, 2020-2023-cü illərdə baş verən hadisələr bunu mümkünsüz edib.
“Söhbət ilk növbədə Qarabağ müharibəsinin ikinci mərhələsindən gedir. Həmin dövrdə bölgədə rus sülhməramlıları yerləşirdi. Digər mühüm amil isə Rusiyanın Ukraynaya qarşı müharibəsidir.
İrəvan isə Ermənistanın artıq Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olduğu fikri ilə razılaşmır. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini referendum predmetinə çevirmək niyyətində deyil. Onun sözlərinə görə, buna “obyektiv zərurət” yoxdur.
Paşinyan qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır və təşkilatdakı tərəfdaşlara hörmətlə yanaşır. Onun mövqeyi ondan ibarətdir ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri dərinləşdirə və Avrasiya İqtisadi Birliyi ilə bağlı referendum məsələsini sonraya saxlaya bilər”, - deyə məqalədə qeyd edilib.
BBC yazır ki, ermənilərin həm Ukrayna müharibəsi, həm də Qarabağ böhranı dövründə Rusiyanın davranışı səbəbindən Moskvadan ciddi məyus olmasına baxmayaraq, Paşinyan diplomatik cavab verməyə üstünlük verib.
“Hazırda onun əsas məqsədi bir aydan az vaxt qalan seçkilərdə qələbə qazanmaqdır. Paşinyan seçkilərə “Vətəndaş Müqaviləsi” partiyasının lideri kimi qatılır. Onun seçki kampaniyası Azərbaycanla sülh, daxili islahatlar və ölkənin mövcudluğu ideyası üzərində qurulub. O bildirib ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış hazırkı sərhədlər daxilində mövcud olmalı və Qarabağı geri qaytarmağa çalışmamalıdır.
Müxalifət isə baş naziri məğlubiyyət, Bakıya güzəştlər və Moskva ilə münasibətlərin pozulmasında ittiham edir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az