Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məqalə dərc edib.
Məqalədə bildirilib ki, Pedro Sançes Vaşinqtonla münasibətlərdə bir sıra sərt addımlar atıb. O, Donald Trampın NATO ölkələrinin hərbi xərcləri artırmaq tələbinə qarşı çıxıb, Fələstin dövlətinin tanınması təşəbbüsünü dəstəkləyib və Qəzzadakı müharibəni soyqırımı adlandırıb.
Bundan başqa, Sançes ABŞ-nin İspaniyadakı hərbi bazalardan İrana qarşı müharibə məqsədilə istifadə etməsinə icazə verməyib.
Nəşr qeyd edib ki, Pedro Sançes səkkiz illik hakimiyyəti dövründə İspaniyanı Avropada sosial-demokratiyanın əsas dayaqlarından birinə çevirə bilib.
Məqalədə vurğulanıb ki, Sançes minimum əməkhaqqını 61 faiz artırıb, əmək islahatları həyata keçirib, işsizliyin azaldılması istiqamətində addımlar atıb və qadınlarla LGBT icmasının hüquqlarının qorunmasına yönəlmiş tədbirlər görüb.
Qeyd olunub ki, bu siyasət nəticəsində 2024-cü ildə “The Economist” İspaniyanı “dünyanın zəngin ölkələri arasında ən səmərəli iqtisadiyyat” adlandırıb.
Nəşr yazıb ki, Pedro Sançes eyni zamanda İspaniyanın diktatura keçmişi ilə bağlı məsuliyyət məsələsini gündəmə gətirib və Franko dövrü ilə bağlı bir sıra simvolik addımlar atıb.
Məqalədə bildirilib ki, Sançesin Trampa qarşı sərt mövqeyi onun reytinqinə müsbət təsir göstərib və İspaniya cəmiyyətində ABŞ-yə qarşı artan narazılıq fonunda daha da güclənib.
Sevinc Əliyeva
Ordu.az