Nikol Paşinyanın əmlakı və siyasi yolu: “Vətəndaş Müqaviləsi” partiyasının lideri nə bəyan edib?

2026/05/1778564156.jpg
Oxunub: 320     09:26     12 May 2026    
“2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində “ArmLur.am” namizədliyi irəli sürülən siyasi qüvvələrin liderlərinin bioqrafiyalarını və əmlak bəyannamələrini təqdim etməyə davam edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Nikol Paşinyanın əmlakı və siyasi yolu: “Vətəndaş Müqaviləsi” partiyasının lideri nə bəyan edib?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu dəfə diqqət mərkəzində “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısında birinci sırada yer alan Nikol Paşinyan var.

“Qeyd edək ki, partiya seçkilərdə 16 nömrə altında iştirak edir.

Nikol Paşinyanın nə qədər əmlakı var?

2024-cü il üzrə əmlak, gəlir, xərc və maraqlar haqqında bəyannaməyə görə, 2018-ci il mayın 8-dən baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın daşınmaz əmlakı yoxdur. Lakin bəyannamədə qeyd olunub ki, o, İrəvan ərazisində yerləşən fərdi yaşayış evinə 90 və daha çox gün faktiki sahiblik edib.

Paşinyanın bəyannaməsində “İcevanatun” ASC-yə verilmiş 49 milyon 350 min dram məbləğində borc da yer alıb. Onun 726 min 900 dram bank əmanəti olub, bank hesablarının qalığı isə təxminən 477 min dram təşkil edib. Nağd vəsaitləri 700 min dram və 500 dollar olub.

Bəyannaməyə əsasən, 2024-cü il ərzində Nikol Paşinyanın ümumi gəlirləri 80 milyon 235 min dramdan çox olub. Bu məbləğin təxminən 17 milyon dramı əməkhaqqı olub. O, həmçinin həyat yoldaşı Anna Akopyandan aldığı 6 milyon dramlıq hədiyyəni də bəyan edib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, bəyannamədə müxtəlif banklardan alınmış kreditlər də göstərilib.

“İl sonuna kredit və borcların əsas məbləğinin qalığı 48 milyon dramdan çox olub, bunun 44 milyon 415 min dramı mənzil alınması məqsədilə götürülmüş öhdəlikdir. Baş nazir istirahət məqsədilə həyata keçirilmiş yol və yaşayış xərclərini də 5 milyon dramdan çox məbləğdə bəyan edib.

Paşinyan həmçinin “Mer Tparan” şirkətində iştirakını bəyan edib, orada 50 faiz paya malikdir. Həmin iştirak 2009-cu ildə əldə olunub. Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin sədridir.

Müqayisə üçün qeyd edək ki, 2021-ci il bəyannaməsində Paşinyanın bank əmanətləri təxminən 3 milyon dram, bank hesablarının qalığı 27 min 701 dram və 3,84 dollar, nağd vəsaiti 790 min dram və 1800 dollar, ümumi gəlirləri isə təxminən 13,6 milyon dram olub. Həmin vaxt kredit öhdəlikləri təxminən 1,2 milyon dram təşkil edib.

Nikol Paşinyanın siyasi və jurnalistik yolu

Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevanda anadan olub. İrəvan Dövlət Universitetində təhsil alıb, lakin son kursda siyasi səbəblərlə xaric edilib”, - deyə nəşr bildirib.

“Joğovurd” qeyd edib ki, Paşinyan 1990-cı illərdən jurnalistika ilə məşğul olub, müxtəlif qəzetlərdə, o cümlədən “Lragir”, “Molorak” və digər nəşrlərdə çalışıb.

“1998-ci ildə sonradan məhkəmə qərarı ilə bağlanan “Oragir” qəzetini təsis edib. 1999-cu ildən 2012-ci ilədək “Haykakan Jamanak” qəzetinin baş redaktoru olub.

Onun siyasi fəaliyyəti həm də cinayət təqibləri və həbs cəzaları ilə müşayiət olunub. 1999-cu ildə bir il müddətinə azadlıqdan məhrum edilib, lakin cəza təxirə salınıb. 2008-ci il martın 1-dəki hadisələrdən sonra bir ildən çox gizlənib, 2009-cu ildə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub və 7 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan amnistiya ilə azadlığa buraxılıb.

2012-ci ildə “Erməni Milli Konqresi” blokunun siyahısı ilə parlamentə deputat seçilib. 2013-cü ildə sonradan partiyaya çevrilən “Vətəndaş Müqaviləsi” siyasi birliyini yaradıb.

2017-ci ildə “Yelk” blokunun siyahısı ilə yenidən deputat seçilib və parlament fraksiyasına rəhbərlik edib. 2018-ci il martın 31-də Gümrüdən “Mənim Addımım” hərəkatına başlayıb, bu hərəkat aprel-may aylarında kütləvi etiraz hərəkatına çevrilib və hakimiyyət dəyişikliyinə gətirib çıxarıb.

2018-ci il mayın 8-də parlament onu baş nazir seçib. Həmin ilin dekabrında “Mənim Addımım” blokuna rəhbərlik edib və seçkilərdə seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanıb. 2021-ci ildə daxili siyasi böhran fonunda növbədənkənar seçkilər keçirmək məqsədilə istefa verib, lakin həmin ilin iyunun 20-də keçirilən seçkilərdən sonra “Vətəndaş Müqaviləsi” partiyası yenidən qalib gəlib və Nikol Paşinyan baş nazir vəzifəsinə yenidən təyin olunub”, - deyə müəllif qeyd edib.

Nəşr vurğulayıb ki, beləliklə, 2026-cı il seçkiləri ərəfəsində Nikol Paşinyan ictimaiyyət qarşısında təkcə artıq səkkiz ildir hakimiyyətdə olan bir məsul şəxs kimi deyil, həm də fəaliyyəti və qərarları cəmiyyətin ən çox müzakirə olunan və ziddiyyətli mövzularından biri olan siyasi fiqur kimi çıxış edir.

“Bir tərəfdən, o, özünü “məxməri inqilab”ın lideri və sistemli dəyişikliklərin müəllifi kimi təqdim edir, digər tərəfdən isə onun hakimiyyət illəri müharibə, ərazi itkiləri, ağır daxili siyasi böhranlar və davam edən ictimai bölünmələrlə müşayiət olunub. Bu fonda, xüsusilə də hakimiyyət şəffaflıq, korrupsiyaya qarşı mübarizə və sosial ədalətdən danışmağa davam etdiyi şəraitdə onun əmlak vəziyyəti, gəlirləri və maliyyə öhdəlikləri ətrafındakı ictimai maraq daha da artır”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin