Simonyan: “Biz heç nədən qorxmuruq”

2026/06/1780822790.jpg
Oxunub: 243     12:48     07 İyun 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan parlament seçkilərində səsverməyə qızı ilə birlikdə qatılıb.

Ordu.az xəbər verir ki, o, səsvermədən sonra jurnalistlərə açıqlamasında qızının gələcəyinə dair gözləntilərindən danışıb.

“Gözləntim budur ki, o, dinc və firavan ölkədə yaşayacaq”, - deyə Simonyan bildirib.

Erməni parlament sədri bütün vətəndaşları da övladlarının dinc, açıq və azad ölkədə yaşaması üçün əllərindən gələni etməyə çağırıb.

Seçki rüşvəti ilə bağlı çoxsaylı səs yazılarının yayılmasına münasibət bildirən Simonyan qeyd edib ki, cəmiyyət bu hallara mənfi reaksiya verir.

“Xalqımızın reaksiyası göz qabağındadır. İzlədiyim qədərilə, bu hərəkətlərə görə çox mənfi dalğa yaranıb. Səs vermək istəməyənlər, hətta həmin qüvvələrə səs verməyə meylli olanlar indi ya bitərəf qalırlar, ya da fəal şəkildə səsverməyə gedirlər. Əminəm ki, bu mənfi dalğa Ermənistanın müstəqilliyinin və müharibəsiz gələcəyinin tərəfdarları üçün əlavə stimul olacaq. Medalın iki üzü var, hüquq-mühafizə orqanları isə işləyir və çox sərt davranacaqlar”, - deyə o bildirib.

Seçkilərə bir neçə gün qalmış aparılan kütləvi axtarışların hakimiyyətin qorxularından irəli gəldiyi barədə iddialara cavab verən Simonyan bildirib ki, qorxu seçicisi olmayan və buna görə pul paylamağa məcbur qalan qüvvələrdədir.

“Deməli, həmin məlumatlar bizdə var, sizdə yoxdur? Qorxu pul paylayanlardadır. Onlar bilirlər ki, seçiciləri yoxdur. Debatlara gəlməyənlər qorxur, biz isə heç nədən qorxmuruq”, - deyə parlament sədri vurğulayıb.

Simonyan Nikol Paşinyanın üçüncü müddətə hakimiyyətə gəlmək istəməsinin Serj Sarkisyanın vaxtilə üçüncü müddət cəhdləri ilə müqayisə olunmasına da münasibət bildirib.

“Parlament ölkəsində parlament seçkiləri 5 ildən bir keçirilir və cəmi 8 il keçib. Mən qanunla nəzərdə tutulan hər şeyi normal hesab edirəm. Əgər qanun prezidentin üçüncü dəfə vəzifə tutmasına icazə versəydi, bunu da normal qarşılayardım”, - deyə Simonyan qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə 18 siyasi qüvvə (2 blok və 16 partiya) iştirak edir. Səsvermə hüququna malik vətəndaşların sayı 2 milyon 485 min 851 nəfərdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin