Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi “Sputnik Armenia”nın yazılı sorğusuna cavab olaraq bildirib.
Bundan əvvəl Gürcüstan tərəfi bildirmişdi ki, Ermənistanın xahişi ilə Gürcüstan və Ermənistanı birləşdirən qaz kəmərinin 5,5 kilometrlik hissəsi köçürüləcək.
Bundan sonra Ermənistan Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan bəyan etmişdi ki, köçürülmə qərarı Ermənistan və Gürcüstan arasında sərhədlərin delimitasiyası prosesi ilə bağlı ola bilər.
Qurum bildirib ki, magistral qaz kəməri Ermənistan üçün strateji və həyati əhəmiyyət daşıyır, çünki Rusiyadan idxal olunan təbii qazın əsas həcminin 80 faizdən çoxunu təmin edir.
“Köçürülmənin məqsədi Ermənistanın etibarlı və fasiləsiz qaz təchizatını təmin etməkdir. Yeni tikilən magistral qaz kəməri qəza və təchizat fasilələri risklərini azaltmaq hesabına Ermənistanın qaz təchizatının etibarlılığının artırılmasına töhfə verəcək”, - deyə qurumdan qeyd edilib.
Nazirlikdən həmçinin vurğulanıb ki, Gürcüstan tərəfində qaz kəmərinin tikinti işləri zamanı Ermənistanda qaz təchizatının dayandırılması təhlükəsi yoxdur.
Bildirilib ki, proses artıq başlayıb və işlərin 2027-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihə Gürcüstan tərəfinin hesabına maliyyələşdirilir və həyata keçirilir.
Qeyd edilib ki, məsələ Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində müzakirə olunub və razılaşdırılıb.
Alpər Mövludoğlu
Ordu.az