ASFAT dəniz platformaları ixracında Türkiyə lideri olub

2026/05/1778333866.jpg
Oxunub: 478     17:35     09 May 2026    
ASFAT-ın baş direktoru Mustafa İlbaş 2025-ci ildə müdafiə sənayesi ixracatçıları arasında dəniz platformaları sahəsində ixrac birincisi olduqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, İlbaş şirkətin texniki xidmət-təmir, modernizasiya və gəmi inşası qabiliyyətləri ilə beynəlxalq bazarda güclü mövqeyə çatdığını bildirib.

SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində açıqlamalar verən Mustafa İlbaş ASFAT-ın Milli Müdafiə Nazirliyinin 100 faiz törəmə şirkəti olduğunu və 27 hərbi zavod ilə 10 hərbi gəmiqayırma zavodunun qabiliyyətlərini vahid çətir altında topladığını ifadə edib.

Texniki xidmət və modernizasiya qabiliyyəti ön plana çıxır

ASFAT-ın yalnız yeni platforma istehsalı deyil, mövcud hava, quru və dəniz platformalarının texniki xidmət, təmir, təkmilləşdirmə və modernizasiya fəaliyyətlərində də mühüm səlahiyyətlərə malik olduğunu vurğulayan İlbaş bu qabiliyyətlərin müdafiə sənayesinin davamlılığı baxımından kritik olduğunu bildirib.

İlbaş qeyd edib: “Müdafiə sənayesində çox sayda platforma istehsalçısı var, lakin bu platformaların texniki xidmətini, təmirini və modernizasiyasını həyata keçirəcək infrastruktur hər ölkədə mövcud deyil. ASFAT bu sahədə mühüm qabiliyyətə malikdir”.

Xaricdən platformalar Türkiyəyə gətirilir

Mustafa İlbaş dost və müttəfiq ölkələrin platformalarının Türkiyədə texniki xidmət və modernizasiyasının həyata keçirilməsi istiqamətində işlərin sürətləndiyini bildirib.

Seneqala məxsus bir təyyarənin ötən ay Kayseriyə gətirildiyini bildirən İlbaş yeni müqavilələr çərçivəsində fərqli ölkələrdən hava, quru və dəniz platformalarının da Türkiyəyə gətiriləcəyini ifadə edib.

Pakistan MİLGEM layihəsi diqqət çəkir

ASFAT-ın dənizçilik sahəsindəki ən mühüm layihələrindən biri olan Pakistan MİLGEM proqramına da toxunan İlbaş Pakistan üçün inşa edilən dörd gəmidən ikisinin Türkiyədə təhvil verildiyini, üçüncü və dördüncü gəmilərin isə Karaçi Gəmiqayırma Zavodunda ASFAT koordinasiyasında istehsal edildiyini bildirib.

İlbaş bildirib: “Bir gəmi dəniz sınaqlarına başlayıb. Son gəmini də çox yaxın zamanda suya endirəcəyik. Bu layihə Türkiyənin başqa bir ölkədə dünyanın ən qabaqcıl döyüş gəmilərindən birini inşa edə bilmə qabiliyyətini göstərməsi baxımından böyük əhəmiyyət daşıyır”.

80-ə yaxın məhsul təqdim olunub

SAHA 2026-da yeni məhsul kataloqunu təqdim etdiklərini bildirən İlbaş texniki xidmət-təmir həllərindən əlavə kataloqda təxminən 80 məhsulun yer aldığını açıqlayıb.

ASFAT-ın özəl sektor müdafiə şirkətləri ilə ortaq işlər həyata keçirdiyini qeyd edən İlbaş hazırlanan məhsulların dost və müttəfiq ölkələrə həm fiziki, həm də rəqəmsal mühitdə təqdim edildiyini bildirib.

2026-cı il satış və marketinq ili olacaq

2025-ci ili “Məhsul İnkişafı İli” elan etdiklərini xatırladan İlbaş 2026-cı ilin isə məhsulların istifadəçilərlə görüşdürüləcəyi dövr olacağını bildirib.

İlbaş qeyd edib: “2026 ASFAT üçün satış və marketinq ili olacaq. Hazırladığımız həlləri dost və müttəfiq ölkələrlə görüşdürmək üçün intensiv fəaliyyət aparacağıq”.

Yeni layihələr üçün beynəlxalq maraq artır

Mustafa İlbaş ASFAT-ın xaricdə gəmi inşası və texniki xidmət infrastrukturu qurmaq sahəsindəki təcrübəsinin fərqli ölkələrin diqqətini çəkdiyini bildirib.

Bir çox ölkənin ASFAT-a öz gəmiqayırma zavodlarında gəmi inşa edilməsi istiqamətində təklif təqdim etdiyini bildirən İlbaş dənizaşırı bazarlarda yeni layihələr üçün müsbət geri dönüşlər gözlədiklərini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   Türkiyə  


Bizi "telegram"da izləyin