ASFAT-ın havadan su istehsal sistemi gündəlik 25 tona qədər içməli su istehsal edir - VİDEO
Oxunub: 753
22:27
08 May 2026
Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı “Askeri Fabrika ve Tersane İşletme Anonim Şirketi”nin (ASFAT) havadan su istehsal sistemi şəbəkəyə bağlı olmadan gündəlik 25 tona qədər içməli su istehsal edə bilir.
Ordu.az xəbər verir ki, “Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu və İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi ziyarətçiləri qəbul etməyə davam edir.
Sərgi çərçivəsində “ASFAT” tərəfindən bu il ilk dəfə havadan su istehsal sistemi də nümayiş etdirilir.
Havadakı rütubətdən istifadə edilərək istehsal olunan su sayəsində təbii mənbələrin olmadığı, infrastrukturun məhdud olduğu və ya logistika çıxışının çətinləşdiyi əməliyyat sahələrində fasiləsiz və təhlükəsiz su təminatı yaradılaraq hərbi birliklər üçün kritik həll təqdim edilməsi məqsədi daşıyır.
“100 faiz türkiyəli mühəndislərin istehsalı olan cihaz”
ASFAT-ın marketinq mütəxəssisi Nur Birce Yılmaz AA müxbirinə bildirib ki, məhsul çətin şəraitdə su istehsal etmək üçün nəzərdə tutulmuş cihazdır.
Cihazın havadakı rütubəti içilə bilən su səviyyəsinə çatdırdığını bildirən Yılmaz deyib:
“Özəl filtrləri sayəsində 100 faiz sağlam şəkildə istehsal həyata keçirir. Qürurverici tərəflərindən biri də budur: 100 faiz türkiyəli mühəndislərin dizaynı ilə hazırlanıb və 100 faiz türkiyəli mühəndislərin istehsalı olan cihazdır. Üç fərqli tutumda istifadəyə təqdim olunur. 20 litrlik istehsalımız var. Eyni zamanda 150 litrlik istehsalımız mövcuddur. Bir də 25 tonluq olmaqla üç fərqli tutumda istifadəçilərimiz üçün hazırdır”.
Yılmaz havadan su istehsal sisteminin şirkətin qürurla təqdim etdiyi məhsullardan biri olduğunu bildirib.
Doğru şəraitin maksimum fayda təmin etdiyinə diqqət çəkən Yılmaz qeyd edib:
“Doğru rütubət və doğru temperatur şəraitində maksimum fayda verir, lakin ən çətin şəraitlərdə belə istifadəyə yönəlmiş cihazdır. Öz tutumuna uyğun şəkildə balans yaradır. Səhrada, çətin şəraitdə, gəmidə, bütün platformalarda problemsiz şəkildə istifadə oluna bilər. Aktiv şəkildə istifadə edilə bilər, satışa hazır vəziyyətdədir. İlk növbədə öz qüvvələrimiz, Türkiyə ordusu üçün, həmçinin dost və müttəfiq ölkələr üçün satışa hazırdır”.