ABŞ Filippinə yönəlmiş təxminən 150 milyon dollar dəyərində “Bell 505 Jet Ranger X” helikopter satışını təsdiqləyib

2026/05/ponte-1778261928.jpg
Oxunub: 386     21:42     08 May 2026    
ABŞ Dövlət Departamenti Filippinə yönəlmiş təxminən 150 milyon dollar dəyərində “Bell 505 Jet Ranger X” helikopter satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində həyata keçiriləcək paketə “Bell 505 Veris” uçuş simulyatorları, ehtiyat hissələri, sahə texniki xidmət dəstəyi, müxtəlif avadanlıqlar, proqram idarəetmə xidmətləri, təhvil və yenidən montaj prosesləri ilə iki əməliyyat bazasında xidmət göstərəcək ümumilikdə 22 helikopter üçün yerüstü dəstək avadanlıqları daxildir.

Razılaşma çərçivəsində həmçinin altı personal üçün helikopter texniki xidmət təlimi, altı personal üçün inteqrasiya olunmuş logistika dəstəyi təlimi və 22 personal üçün mühərrik texniki xidmət qabiliyyətinin ötürülməsi təmin ediləcək.

Paket çərçivəsində ölkədə xidmət göstərəcək bir texniki nümayəndə olacaq və üç il ərzində ildə bir dəfə proqram idarəetmə qiymətləndirmə iclası keçiriləcək.

Vaşinqton rəhbərliyi sözügedən satışın Manila ilə müdafiə əməkdaşlığını gücləndirəcəyini bildirərək Filippinin Cənub-Şərqi Asiyada “siyasi sabitliyin, sülhün və iqtisadi inkişafın qorunması” baxımından kritik və uzunmüddətli tərəfdaş olduğunu vurğulayıb.

ABŞ tərəfi həmçinin tədarükün Filippinin dönərqanad hava gücünü modern platformalarla təlim çatışmazlıqlarını aradan qaldıraraq gücləndirəcəyini, pilot hazırlıq səviyyəsini artıracağını və daha qabaqcıl hava platformalarına keçid prosesini asanlaşdıracağını ifadə edib.

“Bell 505”in xüsusiyyətləri

“Bell Textron” tərəfindən hazırlanan “Bell 505 Jet Ranger X” döyüş, təlim və tibbi təxliyə tapşırıqları üçün yüngül sinfinə məxsus çoxməqsədli helikopter kimi hazırlanıb.

Hərbi istifadənin yanında platforma ticari uçuşlar, xüsusi tapşırıqlar və idman aviasiyası fəaliyyətlərində də istifadə oluna bilir.

Beş nəfərlik tutuma malik helikopter təxminən 13 metr uzunluğa və 11 metr rotor çapına malikdir. Platforma 505 at gücü istehsal edən “Safran Arrius 2R” turboşaft mühərrikindən güc alır.

“Bell 505”in hərbi versiyası maksimum 135 knot (250 km/saat) sürətə çata bilir. Helikopterin əməliyyat mənzili 306 dəniz mili (566 kilometr), tapşırıq hündürlüyü 18 610 fut (5 670 metr) və havada qalma müddəti isə təxminən dörd saat olaraq göstərilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Filippin   Bell-505  


Bizi "telegram"da izləyin