Ordu.az xəbər verir ki, Alyaska və Virciniyadakı eskadrilyalardan göndərilən təyyarələr ABŞ-nin Qərbi Sakit okeandakı hava üstünlüyü strategiyasının mərkəzində yer alan bazaya yönəlmiş yeni rotasiya tapşırığının bir hissəsi olub.
ABŞ Hava Qüvvələrinin məlumatına görə, yerləşdirilən F-22-lər Alyaskadakı “Joint Base Elmendorf-Richardson”da yerləşən 90-cı Qırıcı Eskadrilyadan və Virciniyadakı “Joint Base Langley-Eustis”də yerləşən 27-ci Qırıcı Eskadrilyadan göndərilib.
Kadenadakı F-22-lərin bölgədə hazırda xidmət göstərən ağır bombardmançı, kəşfiyyat və dördüncü-beşinci nəsil döyüş təyyarələri ilə birlikdə fəaliyyət göstərəcəyi bildirilib. ABŞ tərəfi bu yerləşdirmənin bölgədə “davamlı və etibarlı döyüş təyyarəsi mövcudluğunu” qorumağı hədəflədiyini vurğulayıb.
F-22 pilotları və texniki xidmət heyətləri həmçinin Kadenadakı 18-ci Qanad daxilindəki əməliyyat və texniki xidmət bölmələri ilə, eləcə də birgə və müttəfiq qüvvələrlə birlikdə işləyərək taktika inkişafı, qarşılıqlı uyğunluq və əməliyyat hazırlığı fəaliyyətləri həyata keçirəcəklər.
F-22-nin Qərbi Sakit okeandakı kritik rolu
F-22 “Raptor” az radara görünmə təmin edən “stealth” dizaynı, AESA radarı və qabaqcıl sensor sistemləri ilə yüksək manevr qabiliyyəti sayəsində dünyanın ən qabaqcıl hava üstünlüyü qırıcılarından biri hesab olunur.
Təyyarə uzaq məsafədən hədəf aşkarlanması, izlənməsi və nişanalma həyata keçirə bildiyi kimi, düşmən radarlarına düşmədən də missiyanı yerinə yetirə bilir. Bu xüsusiyyət xüsusilə sıx hava hücumundan müdafiə sistemlərinin mövcud olduğu Qərbi Sakit okean kimi yüksək təhdid mühitlərində F-22-yə mühüm üstünlük verir.
ABŞ rəsmiləri Çinin son illərdə həm döyüş təyyarəsi potensialını, həm də Yaponiya hava məkanı ətrafındakı hərbi fəaliyyətini ciddi şəkildə artırdığına diqqət çəkirlər.
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin Çin hərbi təyyarələrinə qarşı son illərdə rekord səviyyədə önləmə uçuşu həyata keçirdiyi bildirilərkən, F-22 yerləşdirməsinin ABŞ-Yaponiya təhlükəsizlik ittifaqının konkret göstəricisi olduğu qeyd edilir.
“Kadena” Bazası Sakit okean strategiyasının mərkəzində
“Sakit okeanın açar daşı” kimi təsvir edilən “Kadena” Hava Bazası Okinava adasının cənubunda yerləşir və on illərdir ABŞ-nin Qərbi Sakit okeandakı ən mühüm hava gücü mərkəzlərindən biri kimi xidmət göstərir.
Bazanın coğrafi mövqeyi Tayvan boğazına, Koreya yarımadasına, Cənubi Çin dənizinə və ABŞ-nin Sakit okean strategiyasının əsas elementlərindən olan “birinci ada zənciri” bölgəsinə əməliyyat çıxışı təmin edir.
Kadenada daimi olaraq yerləşdirilmiş 18-ci Qanad ABŞ Hava Qüvvələrinin ən böyük döyüş qanadı mövqeyindədir və bölgəyə rotasiya ilə gələn bölmələrə əməliyyat infrastruktur dəstəyi verir.
F-15EX hazırlığı davam edir
ABŞ Hava Qüvvələri bildirib ki, Kadenadakı rotasiya tapşırıqları yalnız mövcud əməliyyat ehtiyaclarını ödəməklə qalmır, həm də gələcəkdə bazada yerləşdirilməsi planlaşdırılan F-15EX Eagle II döyüş təyyarələri üçün hazırlıq xarakteri daşıyır.
“Kadena” Bazası uzun illər F-15 “Eagle” döyüş təyyarələrinə ev sahibliyi etmişdi. Lakin köhnə F-15C/D modellərinin xidmətdən çıxarılmasından sonra baza daha qabaqcıl döyüş təyyarələrinin növbəli yerləşdirildiyi sistemə keçib.
Modernləşdirilmiş yeni nəsil F-15EX “Eagle II” döyüş təyyarələrinin növbəti mərhələdə bazaya daimi şəkildə yerləşdirilməsi planlaşdırılır. Bu platformaların bölgədəki F-22 rotasiya tapşırıqlarını tamamlayıcı rol oynayacağı qiymətləndirilir.
Okinavadakı həssas balans
ABŞ açıqlamasında Okinavadakı mülki həssasiyyətlərə də diqqət çəkilib. Sıx ABŞ hərbi mövcudluğu səbəbindən bölgədə uzun müddətdir ictimai və siyasi müzakirələr gedərkən, vəzifə yerinə yetirən bütün pilotların yerli səs-küyün azaldılması prosedurları barədə məlumatlandırıldığı bildirilib.
Tapşırıq planlamalarında yerli əhali üzərindəki təsirlərin azaldılmasına yönəlmiş xüsusi tədbirlərin görüldüyü qeyd edilir. Vaşinqton rəhbərliyi bunun yalnız hərbi deyil, həm də siyasi və ictimai baxımdan kritik əhəmiyyət daşıdığını vurğulayır.
Sevinc Əliyeva
Ordu.az