Ordu.az xəbər verir ki, İstanbul Sərgi Mərkəzində Türkiyə MSK ilə FNSS arasında ZAHA II Faza tədarük müqaviləsi imzalanıb.
Bu çərçivədə ikinci faz müqaviləsi ilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün daha 27 ədəd platformanın istehsalı hədəflənir.
Sözügedən tədarük müqaviləsi ilə bağlı Türkiyə MSK sədri professor doktor Haluk Görgün açıqlamasında bunları deyib:
“Türkiyə müdafiə sənayesinin ən iddialı quru-dəniz platformalarından biri olan Zirehli Amfibiya Hücum Platforması layihəmizin ikinci faz tədarükü üçün bir aradayıq. Məqsədimiz dünyada az sayda ölkənin dizayn edib istehsal edə bildiyi zirehli amfibiya hücum platforması sinfinə məxsus tamamilə orijinal platforma hazırlamaq idi. ZAHA iki ildən artıq müddətdir əməliyyat tapşırıqlarında aktiv şəkildə istifadə olunur. Bu fazada sahədən gələn istifadəçi təcrübələri platformaya inteqrasiya ediləcək, ZAHA-nın qabiliyyətləri daha da inkişaf etdiriləcək və ixrac potensialı konkret plana çevriləcək”.
Görgün ZAHA-nın “Mavi Vətən” vizyonunun, Türkiyənin amfibiya əməliyyatı qabiliyyətinin və yerli mühəndislik gücünün mühüm simvollarından biri olduğunu vurğulayaraq bildirib ki, hazırda 5 ədəd prototip istehsal olunub və genişmiqyaslı kvalifikasiya sınaqları uğurla tamamlanıb. Bu çərçivədə 27 ədəd platforma seriyalı istehsal edilərək Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.
ZAHA yeni silah sistemləri ilə ilk dəfə IDEF 2025-də nümayiş etdirilmişdi
Amfibiya zirehli döyüş platformaları quru və dəniz elementləri arasında mühüm əlaqəni təmin edərək desant əməliyyatlarında bölmələrin sürətli və təhlükəsiz şəkildə sahilə çatmasına imkan yaradır. Yüksək manevr və intiqal qabiliyyətləri ilə amfibiya quru platformaları xüsusilə adalarda və ya çıxışı çətin sahil xətlərində əməliyyatın gedişatını müəyyən edən strateji qüvvə multiplikatoruna çevrilib.
FNSS tərəfindən hazırlanan, şəxsi heyət daşıyıcısı və komanda platforması olmaqla müxtəlif konfiqurasiyalara malik Zirehli Amfibiya Hücum Platforması (ZAHA) 2023-cü ildə yenə FNSS dizaynı və istehsalı olan ÇAKA Uzaqdan İdarə Olunan Qüllə (UİOQ) sistemləri ilə birlikdə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib. Dəqiq stabilizasiyaya malik ÇAKA UİOQ 12.7 mm pulemyot və 40 mm avtomatik qumbaraatan ilə təchiz olunub.
Sevinc Əliyeva
Ordu.az