TÜRKSAT-ın peyk dəstəkli “Robotik Platforma”sı ilə böhran anlarında rabitə davam etdirilə biləcək - VİDEO

2026/05/1778171694.jpg
Oxunub: 535     20:29     07 May 2026    
TÜRKSAT AŞ baş direktoru Ahmet Hamdi Atalay “Robotik Platforma”nın peyk üzərindən bağlantı təmin edib 5G vasitəsilə cihazlara yayan texnologiya olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Atalay AA müxbirinə “TÜRKSAT”ın hazırladığı platforma barədə məlumat verib.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu və İstanbul Sərgi Mərkəzində davam edən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində “Robotik Platforma”nı da nümayiş etdirdiklərini bildirən Atalay sistemin TÜRKSAT-ın peyk və 5G texnologiyalarını robotik mexanizmlərlə birləşdirdiyini deyib.

Atalay TÜRKSAT olaraq son dövrdə peyk yayımı və internet bağlantısı kimi ənənəvi xidmətlərə yeni elementlər əlavə etmək üçün çalışdıqlarını bildirib.

Əsas texnologiyalardan istifadə edərək ehtiyac duyulan müxtəlif sahələrdə fasiləsiz və davamlı rabitəni təmin etməyi hədəfləyən fərqli texnologiyalar üzərində işlədiklərini vurğulayan Atalay bunlardan birinin də “Robotik Platforma” olduğunu qeyd edib.

Atalay qeyd edib: “Robotik Platformamız əsasən peyk üzərindən bağlantı təmin edib 5G vasitəsilə cihazlara yayan texnologiyadır. Hər hansı bir yerdə zəlzələ baş verdikdə və bütün rabitə şəbəkəsi çökdükdə insanların daxil ola bilmədiyi yerlərə bu platformanı göndərərək peyk üzərindən bağlantı təmin edir və onun bir kilometr radiusundakı əraziyə 5G şəbəkəsini genişləndiririk. Beləliklə, həmin əhatə dairəsindəki mobil telefonlar və bənzər texnologiyadan istifadə edən terminallar digər şəbəkələr çöksə belə peyk vasitəsilə rabitəni davam etdirə bilir”.

Platforma təkmilləşdirilib və sınaqları tamamlanıb

Atalay platformanın əsasən fəlakət bölgələri və rabitə imkanının olmadığı yerlərdə müəyyən müddət ərzində istifadə oluna biləcək mobil sistem olduğunu bildirib.

Bunun müdafiə sahəsi üçün də keçərli olduğunu vurğulayan Atalay sözlərini belə davam etdirib:

“Bundan əlavə, sistemimiz hərbi birliklərimizin hərəkətdə olduğu və rabitə imkanının olmadığı yerlərdə onların rabitəsini təmin edəcək platformadır. Ən vacib xüsusiyyəti peyk üzərindən şəbəkəyə qoşulması və başqa maneə olmadan rabitəni təmin edə bilməsidir. Bu səbəbdən digər şəbəkələrlə rabitənin mümkün olmadığı hər yerdə istifadə edilə biləcək platformadır”.

Atalay sözügedən məhsulun təkmilləşdirildiyini və sınaqlarının böyük ölçüdə tamamlandığını bildirərək, platforma ilə bağlı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Türkiyə Silahlı Qüvvələri ilə danışıqlar apardıqlarını qeyd edib.

TÜRKSAT-ın aviasiya və müdafiənin bir hissəsi olduğuna diqqət çəkən Atalay bildirib: “Rabitəsiz müharibə olmaz. Biz onun rabitə tərəfindəyik”.

“Robotik Platforma” haqqında

Hazırlanan mobil platforma yerüstü rabitə infrastrukturunun olmadığı, zərər gördüyü və ya kifayət etmədiyi ərazilərdə peyk üzərindən bağlantı təmin edərək 5G dəstəkli məlumat rabitəsini sahəyə çatdıra bilir. Sistem fəlakət və fövqəladə vəziyyətlərin idarə olunması, sərhəd təhlükəsizliyi, kritik obyektlərin mühafizəsi, kəşfiyyat-müşahidə fəaliyyətləri və mobil rabitə ehtiyacları üçün hazırlanıb.

Xüsusilə zəlzələ, sel, meşə yanğınları və oxşar fəlakət ssenarilərində rabitə infrastrukturunun zərər görməsi sahə koordinasiyasını çətinləşdirə bilir. TÜRKSAT-ın hazırladığı peyk dəstəkli robotik rabitə həlli belə hallarda sürətli şəkildə bölgəyə çatdırılaraq təhlükəsiz və fasiləsiz rabitə infrastrukturu yarada bilir.

Platforma peyk bağlantısı vasitəsilə 5G rabitə dəstəyi, real vaxt rejimində görüntü ötürülməsi, səs və məlumat rabitəsi, mobil hotspot xidməti və kritik sahə telemetriyası təmin edə bilir.

Çətin relyef şəraitində fəaliyyət göstərə bilən dördayaqlı robotik platforma insan girişinin riskli olduğu bölgələrdə əməliyyat üstünlüyü təqdim edir. Sistem mobil quruluşu sayəsində təhlükəsizlik qüvvələrinə, axtarış-xilasetmə qruplarına və sahə personalına ani bağlantı dəstəyi verir.

Peyk və 5G texnologiyalarının inteqrasiya olunmuş şəkildə istifadə edildiyi həll yerüstü şəbəkədən müstəqil fəaliyyət göstərə bilməsi sayəsində xüsusilə kənd ərazilərində kritik rabitə ehtiyaclarına həll təqdim edir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜRKSAT   Türkiyə   Robotik-Platforma  


Bizi "telegram"da izləyin