“ARCA Savunma”nın Estoniyada quracağı istehsal müəssisəsi üçün imzalar SAHA 2026-da atıldı

2026/05/1778170943.jpg
Oxunub: 609     20:19     07 May 2026    
“ARCA Savunma” ilə Estoniya Müdafiə Nazirliyi arasında istehsal müəssisəsi müqaviləsinin rəsmi imzalanma mərasimi SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində keçirilib.

Ordu.az xəbər verir ki, SAHA 2026 Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində davam edir.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA 2026-da Türkiyə müdafiə sənayesi şirkətləri müxtəlif müqavilələr imzalayır. Bu çərçivədə “ARCA Savunma” Estoniya Müdafiə Nazirliyi ilə istehsal müəssisəsi müqaviləsi imzalayıb.

İmzalanma mərasimində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Estoniyanın müdafiə naziri Hanno Pevkur, “ARCA Savunma” İdarə Heyətinin sədri İsmayıl Terlemez, “ARCA Savunma” İdarə Heyətinin üzvü Özgür Rodoplu və SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar iştirak edib.

Nazir Gülər burada etdiyi çıxışda 5 il əvvəl yenə Estoniyanın müdafiə naziri Pevkur ilə Estoniyada “Otokar”dan alınan vasitələrin imzalanma mərasimində birlikdə iştirak etdiklərini bildirərək bunları deyib:

“İndi isə burada ölkəmizin ən seçilən şirkətlərindən biri olan “ARCA” ilə estoniyalı dostlarımızın belə bir müqavilə imzalaması mərasimində iştirak etməkdən böyük məmnunluq duyduğumu ifadə etmək istəyirəm”.

Hanno Pevkur isə Estoniyada istehsal müəssisəsinin qurulmasına dair müqavilənin Türkiyə ilə Estoniya arasındakı əməkdaşlığı daha da dərinləşdirdiyini bildirib.

Bir çox Türkiyə şirkəti ilə çox yaxşı əməkdaşlıqları olduğunu bildirən Pevkur bunları qeyd edib:

“İmzalanan bu müqavilə Estoniya üçün çox böyük investisiyadır. Estoniyada təxminən 1000 nəfərlik iş imkanı yaradacaq və uzun mənzilli artilleriya sursatı istehsalına başlayacaq ARCA-ya investisiyalarına görə təşəkkür etmək istəyirəm. Bu gün Estoniya, Avropa və NATO ölkələri üçün son dərəcə mühüm gündür”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARCA-Savunma   Estoniya  


Bizi "telegram"da izləyin