Ordu.az xəbər verir ki, “KAAN Layihəsi: Türkiyənin Milli Döyüş Təyyarəsi Vizyonu və Gələcəyi” adlı sessiya Kocaeli Universiteti prof. dr. Baki Komsuoğlu Konqres Mərkəzində keçirilən Elmi Araşdırmalar Tələbə Konqresində təşkil olunub.
Sessiyada KAAN layihəsi ilə bağlı təqdimat edən TUSAŞ KAAN baş mühəndisi Uğur Zengin şirkətin tarixi və milli döyüş təyyarəsi layihələri ilə bağlı qiymətləndirmələr aparıb.
Əsas böyük sıçrayış 2005-ci ildən sonra başladı
TUSAŞ-ın böyük transformasiyasının 2005-ci ildə TUSAŞ və TAI şirkətlərinin birləşməsi ilə başladığını bildirən Zengin həmin tarixdən etibarən Türkiyənin öz təyyarələrini dizayn edib istehsal etməyə başladığını deyib.
Bu gün milyonlarla kvadratmetrlik obyektlərin belə kifayət etmədiyini qeyd edən Zengin TUSAŞ-ın müxtəlif şəhərlərə yayılmağa başladığını və universitetlərlə intensiv əməkdaşlıq həyata keçirdiyini bildirib.
KAAN layihəsi 2010-cu ildə başlayıb
KAAN layihəsinin 2010-cu ildə başladığını xatırladan Zengin, 2015-ci ildə iki mühərrikli və tək pilotlu konsepsiyanın seçilməsi ilə layihənin formalaşmağa başladığını söyləyib.
KAAN-ın tamamilə yerli və milli döyüş təyyarəsi olması üçün kritik infrastruktur yatırımları həyata keçirdiklərini vurğulayan Zengin qeyd edib: “KAAN-da güzəştə getmədiyimiz ən vacib tələblərdən biri yerli və milli döyüş təyyarəsinə sahib olmaqdır”.
Dünyada sayılı sınaq obyektləri qurulub
TUSAŞ daxilində qurulan qabaqcıl sınaq infrastrukturu haqqında da məlumat verən Zengin Türkiyənin bu sahədə dünyada sayılı ölkələr sırasına daxil olduğunu bildirib.
Zengin bunları deyib: “İldırım Sınaq Obyekti dünyada bir neçə ədəddən çox deyil. ABŞ-də var, Rusiyada, Çində var, Avropada da bəlkə bir dənə var. Beşincisi isə Türkiyədədir. Burada nə edirik? 3,5 milyon volt elektrik verərək təyyarənin üzərinə ildırım düşməsini simulyasiya edirik”.
Tam Əksolunmasız Sınaq Obyektində elektromaqnit təsirlərin analiz edildiyini bildirən Zengin Avropanın ikinci ən böyük səsaltı külək tunelinin də TUSAŞ daxilində qurulduğunu söyləyib.
İkinci prototipi bir neçə ay ərzində uçuracağıq
KAAN-ın prototip istehsalına 2022-ci ildə başladıqlarını, ilk uçuşun isə 2024-cü ildə həyata keçirildiyini bildirən Zengin, layihənin dünya miqyasında çox qısa müddətdə irəlilədiyini vurğulayıb.
Hindistanın AMCA layihəsini nümunə göstərən Zengin Türkiyənin bu prosesdə mühüm uğur ortaya qoyduğunu qeyd edib.
KAAN üçün aşağı intensivlikli seriyalı istehsal infrastrukturunun hazır olduğunu bildirən Zengin illik 6-9 təyyarə istehsal edilə biləcək potensiala çatdıqlarını söyləyib.
Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə 20 təyyarəlik müqavilənin imzalandığını açıqlayan Zengin illik əlavə 24 təyyarə istehsalına imkan yaradacaq yeni sahələrin də planlaşdırıldığını qeyd edib.
İkinci prototip KAAN-ın bir neçə ay ərzində uçurulacağını açıqlayan Zengin anqarda daha iki fərqli prototipin montaj xəttində olduğunu bildirib.
“Uçacaq üçüncü KAAN gələn ay eniş şassisi üzərinə qalxmaq üçün gün sayır. Dördüncü KAAN isə ilin sonuna doğru eniş şassisi üzərinə qalxacaq”, - deyə Zengin bildirib və ümumilikdə dörd yeni prototip üçün intensiv işlərin davam etdiyini vurğulayıb.
KAAN-ın ilk uçuşunda kokpitdə yer alan sınaq pilotu Barbaros Demirbaş da proqram çərçivəsində təcrübələrini iştirakçılarla bölüşüb.
Sevinc Əliyeva
Ordu.az