Türkiyənin ilk qitələrarası ballistik raket layihəsi “Yıldırımhan”ın inventara daxil olması 10 il çəkə bilər

2026/05/1778170779.jpg
Oxunub: 604     20:09     07 May 2026    
Türkiyənin ilk qitələrarası ballistik raket layihəsi kimi təqdim edilən “Yıldırımhan” SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində nümayiş etdirildikdən sonra müdafiə dairələrində geniş rezonans doğurub.

Ordu.az xəbər verir ki, təxminən 6 min kilometr mənzilə malik olduğu açıqlanan sistemin Türkiyənin strateji çəkindirmə potensialında yeni mərhələyə işarə etdiyi qiymətləndirilir.

“Hürriyet” qəzetinin məlumatına görə, müdafiə sənayesi üzrə ekspertlər qitələrarası ballistik raket layihələrində inkişaf və əməliyyat təsdiqi proseslərinin olduqca uzun sürdüyünə diqqət çəkirlər. Xəbərdə qeyd edilib: “Hər şey planlaşdırıldığı kimi getsə, qitələrarası ballistik raket üçün 8 ildən 10 ilədək müddətdən danışmaq mümkündür”.

Qitələrarası raketlərin hazırlanması prosesi uzun illər çəkir

Müdafiə sənayesi mənbələrinə görə, qitələrarası ballistik raket layihələrində yalnız prototip istehsalı kifayət etmir. Mühərrik sistemləri, yönləndirmə infrastrukturu, yanacaq texnologiyaları, döyüş başlığının inteqrasiyası və yüksək hündürlük dayanıqlılığı kimi kritik sahələrdə geniş mühəndislik prosesləri həyata keçirilir.

Layihələrdə konsepsiya dizaynı, laboratoriya təsdiqi, mühərriklərin hazırlanması, elektron infrastruktur inteqrasiyası və struktur dayanıqlılığı sınaqları kimi çoxsaylı mərhələlər mövcuddur. Xüsusilə yüksək sürətlərdə fəaliyyət göstərəcək sistemlərdə aerodinamik quruluş və istiliyədavamlılıq kritik əhəmiyyət daşıyır.

Yerüstü və uçuş sınaqları kritik rol oynayır

Xəbərdə qeyd olunan məlumatlara görə, sistemlər buraxılışdan əvvəl intensiv yerüstü sınaqlardan keçirilir. Mühərrik alışdırma sınaqları, təzyiq və istilik dayanıqlılığı, eləcə də struktur möhkəmliyi analizləri bu prosesin əsas mərhələləri arasında yer alır.

Bunun ardınca həyata keçirilən uçuş sınaqlarında qısa mənzilli sınaqlar, tam mənzilli atışlar və hədəfi vurma dəqiqliyi qiymətləndirilir. Müdafiə ekspertləri bildirirlər ki, hər yeni sınaq sistemin növbəti inkişaf mərhələsi üçün məlumat bazası yaradır və buna görə də proses illərlə davam edə bilər.

Əməliyyat təsdiqi mərhələsi müəyyənedici olacaq

Qitələrarası ballistik raket layihələrində texniki uğurla yanaşı, əməliyyat təsdiqi prosesi də kritik əhəmiyyət daşıyır. Sistemlərin müxtəlif hava şəraitlərində, radioelektron mübarizə mühitlərində və real ssenarilərdə etibarlılığının sınaqdan keçirilməsi tələb olunur.

Müdafiə dairələrinin fikrincə, yalnız bu mərhələlər tamamlandıqdan sonra seriyalı istehsal və təhvil prosesinə keçmək mümkün olur. Bu səbəbdən “Yıldırımhan”ın tam əməliyyat potensialına çatmasının uzunmüddətli təqvim tələb etdiyi qiymətləndirilir.

6 min kilometrlik mənzil diqqət çəkib

SAHA 2026 sərgisində nümayiş etdirilən texniki məlumat cədvəlinə əsasən, “Yıldırımhan”ın 6 min kilometr mənzilə malik olduğu bildirilir. Sistemin dörd raket mühərriki ilə gücləndirildiyi, 9-25 “Mach” arasında sürət potensialına çatdığı və maye azot tetroksid yanacağından istifadə etdiyi qeyd olunur.

Təxminən 18 metr uzunluğunda olan platformanın yüksək sürət və manevr qabiliyyəti ilə hazırlandığı bildirilərkən, texniki detalların mühüm hissəsinin təhlükəsizlik səbəbilə paylaşılmadığı görünür.

Strateji çəkindirmə potensialında yeni hədd

Ekspert qiymətləndirmələrinə görə, sözügedən mənzil potensialı Türkiyənin yalnız yaxın coğrafiyada deyil, həmçinin Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın mühüm hissəsində strateji çıxış və çəkindirmə qabiliyyəti formalaşdırmaq niyyətini ortaya qoyur.

Müdafiə dairələri hesab edirlər ki, “Yıldırımhan”ın tam əməliyyat vəziyyətinə gətirilməsi Türkiyənin uzun mənzilli dəqiq zərbə potensialında yeni mərhələyə keçidə səbəb ola bilər.

Beynəlxalq mətbuatda da geniş rezonans doğurdu

“Yıldırımhan”ın təqdimatı beynəlxalq mediada da diqqətlə izlənilib. İsrail və Yunanıstan mərkəzli media qurumlarında yayımlanan təhlillərdə Türkiyənin uzun mənzilli raket hazırlama potensialının regional təhlükəsizlik balansı baxımından mühüm nəticələr doğura biləcəyi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yıldırımhan  


Bizi "telegram"da izləyin