Aİ aviaşirkətlərə İran böhranının fövqəladə tədbirlər tələb etmədiyini bildirəcək

2026/03/1773647283.jpg
Oxunub: 422     19:27     07 May 2026    
Avropa İttifaqı aviaşirkətlərə İranla müharibənin turizm sektoru üçün fövqəladə tədbirlər tələb edəcək qədər ciddi nəticələr yaratmadığını bildirməyi planlaşdırır. Bu, xüsusilə ləğv edilmiş reyslərə görə sərnişinlərə kompensasiya ödənilməsi öhdəliyindən imtina edilməməsi məsələsinə aiddir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin tanış olduğu Avropa İttifaqının təlimat layihəsində qeyd olunub.

Avropa aviaşirkətləri hələlik böhranın təsirlərinin öhdəsindən gəlirlər. Belə ki, sığorta polisələri xərcləri azaltmağa kömək edir. Bu, İran əleyhinə ABŞ-İsrail müharibəsinin fevralın 28-dən etibarən başlamasından sonra aviasiya yanacağının qiymətinin təxminən 84 faiz artmasına baxmayaraq baş verir.

Bununla belə, daşıyıcı şirkətlər yaxın həftələrdə yanacaq çatışmazlığının yarana biləcəyi barədə xəbərdarlıq edirlər.

“Hazırkı vəziyyət turizm sektoru üçün COVID-19 böhranında olduğu kimi xüsusi tədbirlərin qəbul edilməsinə ehtiyac olduğunu göstərmir. Bu mərhələdə mövcud məlumatlar turizmə ümumi təsirin məhdud olduğunu, tələbatın isə ümumilikdə sabit qaldığını göstərir”, - deyə sənaye nümayəndələri və sərnişinlər üçün hazırlanmış Avropa İttifaqı təlimat layihəsində bildirilib.

Yüksək yanacaq qiymətləri aviaşirkətlərə ləğv edilmiş reyslərə görə sərnişinlərə kompensasiya ödəməkdən yayınmağa imkan verən fövqəladə hal hesab edilmir. Təşkilatda bildirilib ki, bu yalnız lokal yanacaq çatışmazlığı ilə əsaslandırıla bilər.

Avropa İttifaqında aviasiya yanacağı çatışmazlığı barədə məlumat verilməyib. Avropada istifadə olunan aviasiya yanacağının təxminən 75 faizi idxal olunur və əsasən Yaxın Şərqdən gətirilir. Bu göstərici digər nəqliyyat yanacaqları ilə müqayisədə daha yüksəkdir.

Avropa İttifaqı eyni zamanda qüvvədə olan qanunvericiliyə əsasən aviaşirkətlərin ABŞ-də əsasən istifadə edilən “Jet A” tipli yanacaqdan Avropada geniş yayılmış “Jet A-1” yanacağı əvəzinə istifadə edə biləcəyini təsdiqləyəcək. Əgər bu, Yaxın Şərqdən tədarüklərin əvəzlənməsinə kömək edərsə, buna icazə veriləcək. Avropada “Jet A-1” yanacağına üstünlük verilir, çünki onun donma temperaturu “Jet A” yanacağı ilə müqayisədə daha aşağıdır. Bununla belə, hər iki yanacaq növü kommersiya istifadəsi üçün sertifikatlaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran   Böhran  


Bizi "telegram"da izləyin