TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu İspaniya Hərbi Hava Qüvvələrindən “yüksək səviyyəli beşinci nəsil döyüş təyyarəsi” tələbi aldıqlarını bildirərək deyib: “Danışıqların ilkin mərhələsindəyik, proqramın ilk fazasındayıq”. Demiroğlu prosesin hökumətlərarası şəkildə aparıldığını vurğulayaraq bildirib: “Bu G2G mövzusu olduğu üçün detalları açıq şəkildə paylaşa bilmərəm”.
Danışıqların koordinasiyasının Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) tərəfindən həyata keçiriləcəyi qeyd olunarkən, şirkət rəsmiləri təmasları müsbət qiymətləndiriblər. Demiroğlu “Hürjet”dən sonra növbə KAAN-a gələcək” deyərək iki proqramın bir-birini tamamlayan struktur yaratdığını bildirib.
Texnologiya transferi və ABŞ məhdudiyyətləri prosesin mərkəzindədir
KAAN proqramı Türkiyənin 2019-cu ildə F-35 “Lightning II” proqramından çıxarılmasından sonra sürət qazanıb. ABŞ-nin GE F110 mühərriklərinə yönəlmiş ixrac lisenziyalarını məhdudlaşdırması Ankaranı yerli TF3500 mühərrikini inkişaf etdirməyə yönəldib.
Türkiyə müdafiə sənayesi nümayəndələri texnologiya transferinin İspaniya üçün kritik üstünlük təqdim etdiyini bildirirlər. Danışıqlara yaxın mənbələr bildiriblər: “Onların beşinci nəsil təyyarəyə ehtiyacı var və amerikalıları seçmirlər, çünki biz bütün texnologiyanı transfer edirik”. TUSAŞ isə təkliflərinin “sənaye suverenliyi baxımından Qərbdə rəqibsiz” olduğunu müdafiə edir.
KAAN-ın texniki imkanları və operativ hədəfləri
TUSAŞ KAAN-ı 2029-cu ildə operativ hala gətirməyi hədəfləyir. Şirkət təyyarənin 99 faiz yerli istehsal olduğunu və “Mach 1.8” sürət səviyyəsinə çata bildiyini bildirir.
Platformanın insanlı-insansız komanda işi (Manned-Unmanned Teaming) qabiliyyəti ilə “Anka-3” kimi insansız sistemlərlə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə biləcəyi qeyd olunur. KAAN-ın bu çərçivədə altıncı nəsil döyüş konsepsiyalarına keçiddə kritik rol oynaması gözlənilir.
TUSAŞ həmçinin İndoneziyaya 48 ədədlik satışla proqramın ilk ixrac uğurunu əldə etdiyini açıqlayıb.
“Hürjet” modeli və mərhələli əməkdaşlıq yanaşması
Tərəflərin KAAN üçün “Hürjet” təlim təyyarəsində olduğu kimi texnologiya transferini ehtiva edən əməkdaşlıq modeli üzərində çalışdığı bildirilir. Bu çərçivədə İspaniyada yerli şirkətlərin daxil olacağı konsorsiumun yaradılması planlaşdırılır.
TUSAŞ mənbələri yol xəritəsinin “mərhələli yanaşma” üzərində qurulduğunu bildirərək ilk mərhələdə “Hürjet”in tamamlanmasının prioritet olduğunu vurğulayıb. Demiroğlu deyib: “Hürjet” KAAN üçün təlim platforması olacaq”.
Şirkət “Hürjet” təlim təyyarələrinin 2028-2029-cu illər dövründə İspaniyaya təhvil verilməsini hədəfləyir.
İspaniyanın F-35 “Lightning II” alternativi axtarışı və strateji tənlik
Avropada F-35 “Lightning II” platformasının geniş yayılmasına baxmayaraq, İspaniya və Fransa bu platformaya məsafəli yanaşan ölkələr arasında yer alır. İspaniyanın xüsusilə donanma ehtiyacları çərçivəsində F-35B modelini yeganə seçim kimi ön plana çıxarsa da, bu planın təxirə salındığı qiymətləndirilir.
Madrid rəhbərliyi “Halcón I” və “Halcón II” proqramları çərçivəsində tədarük ediləcək “Eurofighter” parkını tamamlayacaq ikinci döyüş təyyarəsi modeli axtarır. Bu baxımdan KAAN texnologiya transferi və ortaq istehsal imkanı səbəbindən alternativ variantlar arasında ön plana çıxır.
Sevinc Əliyeva
Ordu.az