İsveç yeni xarici kəşfiyyat qurumu yaradır

2026/05/1778159823.jpg
Oxunub: 425     17:18     07 May 2026    
İsveç hökuməti Rusiya-Ukrayna müharibəsinin sürətləndirdiyi geniş təhlükəsizlik yenidənqurması çərçivəsində xarici təhdidlərə fokuslanacaq yeni kəşfiyyat qurumu yaratmaq planını irəli aparacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, xarici işlər naziri Mariya Malmer Stenerqard keçirdiyi mətbuat konfransında “İsveç Xarici Kəşfiyyat Xidməti (UND)” adı ilə yaradılacaq yeni qurumun 2027-ci il yanvarında fəaliyyətə başlayacağını bildirib.

Stenerqard Ukraynadakı müharibənin müasir qarşıdurmalarda kəşfiyyatın həlledici rolunu aydın şəkildə ortaya qoyduğunu vurğulayıb: “Məlumat üstünlüyü və texniki sistemləri sürətlə və davamlı şəkildə uyğunlaşdırmaq qabiliyyəti ən az inkişaf etmiş silah sistemləri qədər kritik hala gəlib”. Yeni qurumun funksional baxımdan Birləşmiş Krallığın MI6 xidmətinə bənzər bir quruluş olacağı qeyd edilib.

NATO uyğunluğu və institusional yenidənqurma

İsveç hazırda xarici təhdidlərə cavabdeh Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MUST) ilə daxili təhdidlərə fokuslanan İsveç Təhlükəsizlik Xidmətinə (Säpo) malikdir. Yeni yaradılacaq UND-nin MUST-un bəzi vəzifələrini üzərinə götürəcəyi və İsveç Silahlı Qüvvələri, “Säpo” və siqnal kəşfiyyatına cavabdeh Milli Müdafiə Radio Təşkilatı (FRA) ilə yaxın əməkdaşlıqda çalışacağı bildirilib.

Rusiyanın Ukraynaya hücumundan sonra iki əsrlik hərbi neytrallıq siyasətindən imtina edərək NATO-ya qoşulan İsveçin alyans üzvü kimi “yeni gözləntilərlə” üzləşdiyi də vurğulanıb. Stenerqard deyib: “Kəşfiyyat strukturumuzu inkişaf etdirərkən NATO və müttəfiqlərimizdəki strukturlarla daha uyğun hala gələcəyik”.

Yeni qurumun əsas vəzifəsinin İsveçə yönəlmiş “xarici təhdidləri müəyyən etmək” olacağı, fəaliyyətinin isə məlumat toplama, emal və analiz prosesləri üzərindən aparılacağı bildirilib.

Hökumətin hazırladığı qanun layihəsinin hüquqi baxış keçirən Hüquq Şurasına təqdim edildiyi və iyun ayında parlamentə göndərilməsinin planlaşdırıldığı açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Kəşfiyyat  


Bizi "telegram"da izləyin