Ordu.az xəbər verir ki, bu barədə “Defence24” məlumat yayıb.
“Defence24”ün məlumatına görə, saziş 2026-cı il mayın 8-də Varşavada imzalanacaq. Mərasimdə Avropa komissarları Piotr Serafin və Andrius Kubilius, eləcə də Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış və maliyyə naziri Andjey Domanski iştirak edəcəklər.
Varşavadakı imzadan sonra Avropa İttifaqı nümayəndə heyətinin Litvanın paytaxtı Vilnüsə keçərək oxşar sazişi orada da həyata keçirməsi planlaşdırılır.
Polşanın müdafiə naziri Kosinyak-Kamış bildirib: “Avropa Komissiyası SAFE kredit sazişimizi ilk olaraq təsdiqlədi. Şərq qanadında təhlükəsizlik lideri kimi mövqeyimizi gücləndiririk. Eyni zamanda proqramın ən böyük benefisiarı bizik. SAFE ordumuz və müdafiə sənayemiz üçün təxminən 190 milyard zlotı deməkdir”.
Toplam 150 milyard avroluq fondun 43,7 milyard avroluq hissəsi Polşaya ayrılıb. Sazişin imzalanmasından sonra ölkənin 2026-cı il may ayı etibarilə təxminən 6,5 milyard avroluq ilk qabaqcadan ödəniş alması gözlənilir.
Fondların istifadə sahələri və strateji hədəflər
Polşa hökuməti həmin maliyyələşdirməni əsasən “Tarcza Wschód” (Şərq Qalxanı) proqramında, pilotsuz uçuş aparatlarına qarşı sistemlərdə, hava hücumundan müdafiə, artilleriya imkanları və hərbi infrastrukturun inkişafında istifadə etməyi planlaşdırır.
Rəsmi məlumatlara görə, fondların 89 faizinin Polşa iqtisadiyyatı və müdafiə sənayesi daxilində qalacağı gözlənilir. Hazırda 19 Avropa İttifaqı ölkəsinin SAFE sazişlərini imzalamağı gözlədiyi bildirilir.
Digər tərəfdən, daha əvvəl Polşa Prezidenti Karol Navrotski SAFE proqramı çərçivəsində kredit götürülməsinə dair qanunu veto etmiş və bu borcun qaytarılmasının bu gün 18 yaşında olan gənclərin bütün iş həyatları boyunca davam edəcəyini vurğulamışdı.
SAFE proqramı nədir?
SAFE (Support to Accelerate Forces in Europe) Avropa İttifaqının üzv ölkələrin müdafiə imkanlarını sürətlə gücləndirməyi hədəfləyən xüsusi maliyyə mexanizmi kimi önə çıxır.
Proqram silah tədarükü və hərbi infrastruktur sərmayələri üçün uyğun şərtli kredit və qrantlar təqdim edərkən, üzv ölkələr arasında birgə tədarük və standartlaşmanı təşviq edərək müttəfiq qüvvələr arasında qarşılıqlı işləkliyi artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az