“Kale Jet Motorları” 6 platformada seriyalı istehsala başlayıb

2026/05/1778159096.jpg
Oxunub: 512     17:01     07 May 2026    
Türkiyənin milli turbojet mühərriklərinin hazırlanması sahəsində kritik rol oynayan “Kale Jet Motorları” həm seriyalı istehsal gücünü, həm də yeni nəsil mühərrik layihələri üzrə yol xəritəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, SAHA 2026 çərçivəsində “Kale Jet Motorları”nın Baş direktoru Cüneyt Kenger şirkətin hazırda altı fərqli platformaya mühərrik təmin etdiyini və istehsal həcmlərinin sürətlə artdığını bildirib.

Cüneyt Kenger “SavunmaSanayiST.com”a açıqlamasında bildirib ki, “Kale Jet Motorları”nın xüsusilə KTJ mühərrik ailəsi üzərində apardığı işlər artıq yalnız Türkiyədə deyil, xaricdə də diqqət çəkir. O həmçinin şirkətin turbofan mühərriklərin hazırlanması prosesinə başladığını açıqlayıb.

Altı fərqli platforma üçün seriyalı istehsal

Kenger bildirib ki, şirkət milli platformalar üçün mühərrik istehsalında aktiv şəkildə seriyalı istehsal həyata keçirir.

“Hazırda altı fərqli platformaya mühərrik təqdim edirik. Bunların hamısı seriyalı istehsal mərhələsindədir”, - deyə o bildirib.

Həmçinin o qeyd edib ki, aşağı saylı ilk seriyalı istehsal təhvilləri 2023-cü ildə başlayıb, 2024 və 2025-ci illərdə isə istehsal gücü ciddi şəkildə artıb.

Kenger bildirib ki, şirkətin böyümə strategiyası yalnız öz istehsal gücünü artırmaq deyil, eyni zamanda yerli təchizat zəncirini genişləndirməyə yönəlib.

“Mühərriklərin hissələrini ölkə daxilində ekosistem yaradaraq hazırlamışıq”, - deyə o bildirib.

Bu yanaşma sayəsində istehsal artımının birbaşa Türkiyədə müdafiə sənayesi təchizat zəncirinin böyüməsinə töhfə verdiyi vurğulanıb.

“Xaricdən də çox yüksək tələb var”

“Kale Jet Motorları”nın hazırladığı mühərriklərə həm daxili, həm də xarici bazardan ciddi tələbatın artdığını bildirən Kenger şirkətin istehsal planlamasını buna uyğun qurduğunu deyib.

Şirkətin istehsal modelində inteqrator strukturunda fəaliyyət göstərdiyini bildirən Kenger mühərrik hissələrinin genişlənən təchizat zənciri vasitəsilə istehsal edildiyini, montaj, sınaq və keyfiyyət proseslərinin isə “Kale Jet Motorları” tərəfindən həyata keçirildiyini bildirib.

Kenger qeyd edib ki, bu struktur sayəsində istehsal gücü çox daha sürətli şəkildə miqyaslana bilir.

“Üçrəqəmli, dördrəqəmli göstəricilərə çatmaq bizim üçün çox böyük səy tələb etmir”, - deyə o bildirib.

ARAT mühərrikində kritik mərhələ

“Kale Jet Motorları”nın yeni nəsil mühərrik layihələri ilə bağlı da məlumat verən Kenger xüsusilə ARAT layihəsindəki son vəziyyətə diqqət çəkib.

ARAT mühərrikinin yüksəklik sınaqlarının davam etdiyini bildirən Cüneyt Kenger deyib: “Mühərrikimizin yüksəklik sınaqları həyata keçirilir. Bu ilin sonuna doğru kvalifikasiya işlərini böyük ölçüdə başa çatdırmağı hədəfləyirik”.

Kenger əlavə edib ki, gələn ildən etibarən ARAT mühərrikinin mərhələli şəkildə seriyalı istehsala keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Kale Jet Motorları”nın bu günədək əsasən turbojet mühərrik ailəsi üzərində çalışdığını bildirən Kenger artıq daha aşağı yanacaq sərfiyyatı və daha uzun mənzil təmin edən yeni nəsil mühərrik konsepsiyalarına yönəldiklərini açıqlayıb.

“Dördrəqəmli göstəricilərə çox yaxınlaşmışıq”

“Kale Jet Motorları”nın istehsal göstəriciləri ilə bağlı da diqqətçəkən məlumatlar paylaşan Cüneyt Kenger hazırda üçrəqəmli istehsal göstəricilərinin aşıldığını vurğulayaraq bildirib: “Hazırda artıq çox yüksək rəqəmlərə çatmışıq. Dördrəqəmli göstəricilərə də çox yaxınlaşmışıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kale-Jet-Motorları   Türkiyə  


Bizi "telegram"da izləyin