Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.
“Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu sərgidə MSK ilə “Elektroland Defence” arasında əvvəllər nəzərdə tutulan 5 ədəd HANÇER təchizatına əlavə olaraq daha 5 ədəd HANÇER alınmasını nəzərdə tutan müqavilə MKS sədrinin müavini Mustafa Murat Şeker, MSK Quru Platformaları Departamentinin rəhbəri Murat Ceran və “Elektroland Defence” şirkətinin Baş direktoru Ferhat Uğur tərəfindən imzalanıb.
Müqavilədən sonra AA müxbirinə açıqlama verən “Elektroland Defence” şirkətinin Baş direktoru Ferhat Uğur bildirib ki, Türkiyədəki bütün təhlükəsizlik qurumlarından alınan rəy və ehtiyaclar əsasında yenidən qurulan HANÇER avtonom sistem kimi hazırlanıb.
Məhsulun funksionallığı və xərc baxımından effektivliyini vurğulayan Uğur bunları deyib:
“Müdafiə Sənayesi Komitəmiz ilə avtonom insansız quru vasitəsi olan HANÇER Layihəsinin daha 5 ədəd seriyalı istehsal müqaviləsini imzaladıq. Bu layihə Müdafiə Sənayesi Komitəsinin Quru Platformaları Departamenti ilə birlikdə hazırlanıb. Türkiyədəki bütün təhlükəsizlik qüvvələrimizdən aldığımız rəy, məlumat və tələblər əsasında yenidən proqramlaşdırıldı və yeni versiya olaraq ortaya çıxdı. Müqaviləsini imzaladığımız HANÇER robotumuz avtonom sistemdir. Öz missiya təyinatına uyğun olaraq qərar qəbul edə bilən sistemdir. Bu robotumuz ətrafımızdakı bütün ərazi şərtlərində sınaqdan keçirildi, yoxlanıldı və artıq istehsala daxil oldu. Hazırda xaricə satış və marketinq fəaliyyəti davam edir. Məlum olduğu kimi Türkiyə ordusu əsasən quru qoşunlarına əsaslanan ordudur və quru sistemləri ilə bağlı inkişafları yaxından izləyirik. Türkiyənin pilotsuz uçuş aparatları ilə havada əldə etdiyi uğuru biz də quru vasitələrində tətbiq edərək dünyada ilkə imza atmaq istəyirik. Bu sahədə ölkəmizdə fəaliyyət göstərən şirkətlər çox böyük yol qət edib. İnsansız quru vasitələrində dünyada ən yaxşı ölkənin biz olduğunu deyə bilərəm və bunu şişirtmədən deyirəm. Çünki coğrafiyamızdakı hər cür ərazi, qarışıqlıq, mühit və iqlim şəraitinə uyğun olaraq robotlarımız hazırlanıb. Onun xərc baxımından effektiv olmasını təmin etməyə çalışırıq”.
“Elektroland Defence” tərəfindən verilən yazılı açıqlamaya görə, HANÇER çətin ərazi şəraitində etibarlı hərəkət və avtonom missiya qabiliyyəti təqdim edən, qabaqcıl idarəetmə sistemləri ilə təchiz olunmuş çoxməqsədli insansız quru platforması kimi ön plana çıxır.
HANÇER dəyişən ətraf mühit şərtlərinə qarşı davamlılığı, su keçirməzlik təsdiqi və suya salınma sınaqlarından uğurla keçməsi ilə fərqlənir. O, müxtəlif ərazi şərtlərində uyğunlaşma və yüksək hərəkət qabiliyyəti ilə diqqət çəkir.
Güclü və yüngül batareya quruluşu sayəsində saatlarla fasiləsiz missiya yerinə yetirə bilən HANÇER hərəkət sistemi ilə 60 faiz şaquli qalxma və 40 faiz üfüqi hərəkət qabiliyyəti təqdim edərək fərqli ərazi şərtlərinə uyğunlaşır.
Sevinc Əliyeva
Ordu.az