ASELSAN hava hücumunda oyundəyişdirici sistemləri təqdim etdi

2026/05/1778155768.jpg
Oxunub: 452     16:04     07 May 2026    
ASELSAN hava hücumunda oyunu dəyişdirəcək FULMAR 500A ilə TOLUN-un üç fərqli variantını ilk dəfə SAHA-da təqdim edib.

Ordu.az xəbər verir ki, ASELSAN Türkiyə və dünyanın müdafiə sənayesinin böyük oyunçularını bir araya gətirən İstanbulda keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində diqqət çəkən sistemlərini təqdim etməyə davam edib.

Sərgidə FULMAR 500A ilə TOLUN ailəsindən olan TOLUN-L, TOLUN-F və TOLUN EW-nin təqdimatı qlobal oyunçuların diqqətini cəlb edib.

SAHA-da təqdim olunan FULMAR 500A Radarı başda AKINCI və AKSUNGUR pilotsuz uçuş aparatı platformaları olmaqla pilotsuz uçuş aparatlarına və pilotlu patrul təyyarələrinə inteqrasiya edilə biləcək şəkildə hazırlanıb. FULMAR bir sistem vasitəsilə çoxsaylı missiyaların yerinə yetirilməsinə imkan yaradan quruluşu ilə diqqət çəkir.

Bir radar, çoxşaxəli üstünlük

FULMAR su üzərində insansız dəniz platformaları və minalarla yanaşı, suüstü, quru və hava hədəflərini eyni anda aşkarlamaq və izləmək qabiliyyəti ilə sahədə kompleks müşahidə imkanı təqdim edir. Sistem “hava-hava” və “hava-yer” missiyalarında uzaq məsafələrdə çoxsaylı hədəflərin aşkarlanması və izlənməsini təmin edir. Hərəkətli quru hədəflərini anlıq müəyyən edə bilən FULMAR SAR görüntüləmə ilə yüksək ayırdetmə qabiliyyətinə malik yerüstü xəritələr yarada bilir.

Buludaltı görüntüləmə qabiliyyətinə malik olan FULMAR müxtəlif missiyaları tək platformada birləşdirərək əməliyyat yükünü azaldır, effektivliyi artırır. FULMAR AESA arxitekturası sayəsində yüksək darama sürəti, çoxsaylı hədəf izləmə və aşağı reaksiya müddəti ilə ön plana çıxır. Bu texnologiya sahədə anlıq məlumat axını təmin edərək qərarvericilərə vaxtında və etibarlı informasiya təqdim edir. Sistemin hava platformalarına qazandıracağı yüksək situasiya məlumatlılığı ilə sahədə mühüm güc çarpanı olması hədəflənir.

TOLUN ailəsinin yeni üzvləri

TOLUN-L Çoxsaylı Daşıma Asqısı (SADAK 4T) vasitəsilə daşına bilən, inteqrasiya olunmuş ANS-KKS və lazer axtarış başlığı ilə idarə olunan 250 “lb” sinfinə məxsus, qəlpəli döyüş başlığına malik tam atım sursatı kimi diqqət çəkir. Pilotsuz uçuş aparatlarında istifadə zamanı açılan qanad quruluşu ilə 50+ km mənzilə malik olan TOLUN-L lazer axtarış başlığı sayəsində kritik əhəmiyyətə malik hərəkətli və ya sabit hədəflərə dəqiq nişanalma və aşağı əlavə zərər qabiliyyəti təmin edir. TOLUN-L iş prinsipi baxımından hava platformasından ayrıldıqdan sonra ilk KKS həlli təmin edilənədək ANS idarəetməsi ilə uçuşunu davam etdirə bilir. TOLUN-L hədəfdən əks olunan lazer enerjisini aşkarladıqdan sonra isə lazer axtarıcı başlığı aktivləşdirərək hədəfə nişanalmanı tamamlaya bilir. Hər cür hava şəraitində istifadə edilə bilən TOLUN-L marşrut nöqtələrinin izlənməsini həyata keçirə bilir. Seçilə bilən zərbə bucağına malik olan TOLUN-L sortie sayını azaldaraq əməliyyat xərclərini aşağı sala bilir.

Müəyyən məsafədə maksimum təsir

TOLUN-F qabaqcıl xüsusiyyətlərlə yanaşı hədəf üzərində dağıdıcı gücü maksimum səviyyəyə çatdırmaq üçün kokpitdən proqramlaşdırıla bilir. TOLUN-F vaxt tənzimləməli elektron alışdırıcını və sursat hədəfə dəyməzdən əvvəl müəyyən məsafədə döyüş başlığının partladılmasına imkan yaradan yaxınlaşma sensorunu özündə birləşdirir. TOLUN-F malik olduğu qəlpəli döyüş başlığı ilə hədəf üzərində müəyyən məsafədə partlayaraq müxtəlif hədəf növlərinə qarşı maksimum zərər təmin edir.

Radioelektron mübarizə qabiliyyətinə malik uzaqmənzilli sursat

TOLUN EW radioelektron mübarizə qabiliyyətinə malik uzaqmənzilli tam atım sursatı kimi milli imkanlarla hazırlanıb. TOLUN EW hədəf üzərində müəyyən müddət havada qalaraq elektromaqnit spektrində təsir yaratmaq və lazım gəldikdə hədəfə nişanalmaq üçün hazırlanıb. Sistem qarışdırma, aldatma və təzyiq göstərmə xüsusiyyətləri ilə hava hücumundan müdafiə sistemlərinə qarşı effektivlik gücünü artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   FULMAR-500A   TOLUN  


Bizi "telegram"da izləyin