Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.
“Anadolu” Agentliyinin (AA) Qlobal Kommunikasiya Tərəfdaşı olduğu sərgidə “Sarsılmaz” Xarici Ticarət Baş direktoru Nuri Kızıltan AA müxbirinin suallarını cavablandırıb.
“Sarsılmaz” sərgidə qrup şirkətləri ilə iştirak edib
Kızıltan “Sarsılmaz”ın sərgidə qrup şirkətləri ilə geniş iştirak etdiyini bildirərək BPS döyüş sursatlarının, LA2 “Dynamics” robotlarının, Ankarada istehsal edilən qüllələrin və TUSAŞ ilə ortaq olduqları TRM çərçivəsindəki topların sərgiləndiyini deyib.
Sərgidə texnologiya transferinə yönəlmiş yüksək tələbatın olduğunu vurğulayan Kızıltan deyib: “Bütün ölkələrdən belə bir istək var, hər kəs öz çarəsini özü tapmağa çalışır. Buna görə də yüksək maraqla qarşılaşırıq. Mümkün olduqca bunları dəyərləndiririk, onlara dəstək olmağa, xüsusilə dost və qardaş ölkələrimizə dəstək olmaq üçün çalışırıq”.
“Escribano” ilə strateji əməkdaşlıq
Sərgi çərçivəsində İspaniyanın məşhur qüllə şirkəti “Escribano” ilə strateji əməkdaşlıq sazişi bağladıqlarını bildirən Kızıltan bunları qeyd edib:
“İspaniyada dünyanın ən böyük qüllə istehsalçılarından biri olan “Escribano” ilə saziş bağladıq. Artıq onların pulemyotlarını və TR Mekatronik tərəfindən istehsal edilən topları bizdən alaraq məhsulların üzərinə taxmağa qərar verildi. Bu, böyük bir əməkdaşlıq olacaq. Bəlkə birlikdə layihə də yaradacağıq ki, hazırda var. Çox gözəl işlər çıxır. Bu sərgi çox uğurlu və çox gözəl keçir. Xüsusilə xarici nümayəndəliklərin və xarici heyətlərin iştirakı ilə daha da xoş atmosfer yaşayacağımıza inanıram”.
2026-da ixracda üçqat artım hədəfləyirik
Kızıltan ixrac rəqəmlərindəki artıma və gələcək hədəflərə də toxunaraq 2026 üçün böyümə addımı atdıqlarını bildirib.
İxracla böyümək üçün 2026-cı ildə çox böyük addım atacaqlarını deyən Kızıltan sözlərinə belə davam edib:
“Bir il əvvəllə müqayisədə hədəfimizi üç dəfə artırdıq və bu hədəf istiqamətində də ilk rübdə bunu böyük ölçüdə həyata keçirəcəyimiz görünür. İnanıram ki, yaxın dövrdə bu baş verəcək. Hazırda tutum baxımından 2027-ni doldurmaq üzrəyik. Bunun üçün də investisiyalarımızı artıraraq tutumu daha səmərəli istifadə etməklə, daha böyük investisiyalar qoyaraq bütün ehtiyacları qarşılamaq istəyirik. 2025-dən 2026-ya hədəfimizi üç dəfə artırdıq. Keçmişdə bunun iki qatını bacarmışdıq, indi isə hədəfi daha da yüksəyə qoyduq. 2030 hədəflərimiz isə daha yüksək rəqəmləri əhatə edir. Müdafiə sektoru dövlətimizin dəstəyi ilə təkcə Türkiyənin deyil, dünyanın da göz bəbəyinə çevrilib”.
Türkiyə müdafiə sənayesi daha sürətli hərəkət edir
Kızıltan Türkiyə müdafiə sənayesinin qlobal rəqiblərinə qarşı sürət üstünlüyünə malik olduğuna diqqət çəkərək deyib: “Sarsılmaz”ın və türklərin ən böyük uğuru tələbləri dərhal və tez yerinə yetirməkdir. Yəni rəqiblərimiz, avropalı rəqiblərimiz bu mövzuda çox yavaş ikən biz çox tez hərəkət edərək, effektiv şəkildə uğuru təmin edə bilirik. Bu da bizə daha çox satış qazandırır”.
“Sarsılmaz”ın bir ordunu təchiz edə biləcək məhsullara sahib olduğunu bildirən Kızıltan məhsulların çətin sınaq proseslərindən keçdiyini, Türkiyədə geniş şəkildə sınaqdan keçirilmiş, təsdiqlənmiş və NATO standartlarındakı məhsulların xarici nümayəndə heyətləri tərəfindən xüsusilə seçildiyini də əlavə edib.
Sevinc Əliyeva
Ordu.az