PUA-lara qarşı hazırlanan ağır pulemyot “CANiK” M3 FALCON-da ixrac başladı

2026/05/1778152676.jpg
Oxunub: 586     15:14     07 May 2026    
SYS tərəfindən hazırlanmış və helikopterlərə inteqrasiya edilərək istifadə olunan ağır pulemyot “CANiK” M3 FALCON SAHA 2026-da ilk dəfə sərgilənərkən məhsulun xaricə tədarükləri də başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil edilən SAHA 2026 sərgisi davam edir.

“Anadolu” Agentliyinin (AA) qlobal kommunikasiya tərəfdaşı olduğu tədbir çərçivəsində iştirakçı şirkətlər ən yeni məhsul və texnologiyalarını nümayiş etdirirlər.

Türkiyə müdafiə sənayesinin qlobal oyunçularından “SYS Qrup” da sərgi çərçivəsində yeni məhsul təqdimatlarını həyata keçirir, “inteqrasiya olunmuş müdafiə ekosistemi” baxışı ilə beynəlxalq əməkdaşlıqlarını dərinləşdirir.

Yeni nəsil ağır pulemyot

“SYS Qrup”un SAHA 2026-dakı ən böyük sürprizi də yüksək mühəndislik məhsulu olan “CANiK” M3 FALCON olub. Xüsusilə hava platformalarının sərt əməliyyat ehtiyacları nəzərə alınaraq hazırlanan yeni nəsil 12.7x99 mm ağır pulemyot sərgidə ilk dəfə nümayiş etdirilir.

Açıq mexanizm (open-bolt) quruluşu ilə həddindən artıq qızmanın qarşısını alan sistem yüksək atış sürəti, sarsılmaz etibarlılığı və müasir döyüş meydanının dəyişkən şərtlərinə uyğunlaşan çevik quruluşu ilə diqqət çəkir.

Keçən ay təqdimatı edilən və böyük rezonans doğuran UNIROBOTICS imzalı “Dağınıq Mobil Təbəqəli Hava Hücumundan Müdafiə Arxitekturası” da sərgidə ziyarətçilərlə görüşür. Müasir pilotsuz uçuş aparatı təhlükələrinə qarşı hazırlanan bu ağıllı arxitektura TRAKON RCWS (Uzaqdan Komandalı Silah Sistemləri), “CANiK” ağır pulemyot ailəsi və VENOM LR orta kalibrli top sistemi elementlərini vahid inteqrasiya olunmuş şəbəkədə birləşdirir. Müxtəlif məsafə təbəqələrində tam nəzarət yaradan bu konsepsiya, xüsusilə aşağı xərcli və davamlı olması ilə beynəlxalq nümayəndə heyətlərinin marağı ilə qarşılaşır.

FALCON-ların xaricə tədarükləri başladı

SYS İdarə Heyətinin sədri Zafer Aral sərgi meydanında AA müxbirinə verdiyi açıqlamada SAHA 2026-nın Türkiyənin müdafiə sənayesində çatdığı nöqtəni aydın şəkildə ortaya qoyduğunu bildirərək qeyd edib: “Türkiyə artıq fərqli bir nöqtəyə gəlib. Buna görə də biz şirkət olaraq dövri inkişaf edən və ehtiyacları dəyişən Türkiyənin ehtiyaclarını qarşılamaq üçün böyük həcmdə investisiyalar qoyuruq”.

Ağır pulemyot və top istehsalı kimi dəyişən savaş konsepsiyasına uyğun silah və platformaları hazırlamağa davam etdiklərini bildirən Aral sərgidə çoxsaylı top növlərini, onların uzaqdan idarə olunan qüllələrini, ağır pulemyotları və “CANiK” M3 FALCON-u nümayiş etdirdiklərini deyib.

“Şahid” tipli pilotsuz uçuş aparatlarına qarşı hazırlanıb

Aral “CANiK” M3 FALCON-un xüsusiyyətlərinə toxunaraq sözlərini belə davam etdirib:

“CANiK” M3 FALCON tamamilə pilotsuz uçuş aparatlarına qarşı, “Şahid” tipli pilotsuz uçuş aparatlarına qarşı helikopterlərdən pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün hazırlanmış bir dizayndır. Ola bilərmi? Bəli, hazırda effektiv şəkildə istifadə olunur. Çünki “Şahid” pilotsuz uçuş aparatlarının sürəti saatda 250 kilometrdir. Helikopter də bu sürətlə çox rahat hərəkət edə bilir. Radarlar bu pilotsuz uçuş aparatlarını və ya pilotsuz hava vasitələrini aşkarladıqda helikopterlər havaya qalxır, FALCON-larla onların qarşısını tamamilə ala bilirlər. Hazırda tədarüklər həyata keçirilir. İlk tədarüklər Pakistan və Azərbaycana edilib. Bu yeni savaş konsepsiyası ilk dəfə nümayiş olunur və ilk dəfə də istifadədədir. Çünki bu yeni savaş konsepsiyasıdır. Bu ehtiyac yeni yarandı və həll də helikopter və FALCON-lardan istifadə edilərək hazırlanıb”.

GÖKBEY üçün ilkin işlər başlanıb

Zafer Aral bildirib ki, helikopter üzərindən dəqiqədə 1200 atışa çata bilən bu silahlar üçün ABŞ ilə İsrail arasında və İranla bağlı başlayan müharibədən sonra onlara tələbat yaranmağa başlayıb və həll hazırlanması istənilib.

Tələbdən sonra bunun istehsalını qısa müddətdə həyata keçirdiklərini deyən Aral qeyd edib: “Onsuz da silah var idi. Biz silahı inkişaf etdirib helikopter üzərində rahatlıqla istifadə oluna bilən hala gətirdik”.

Aral Türkiyədə GÖKBEY-də də istifadə olunması üçün ilkin işlərin başladığını qeyd edərək, ASELSAN ilə birlikdə Konyada sınaqların tamamlandığını bildirib.

Azərbaycan və Pakistana tədarüklər başlayıb

SYS İdarə Heyətinin sədri Aral bildirib ki, Azərbaycanda 20-dən çox helikopterə inteqrasiya ediləcək 40-dan artıq “CANiK” M3 FALCON-un tədarükləri başlayıb və Pakistana da ilk məhsullar göndərilib.

Aral bildirib: “Əgər “Şahid” tipli PUA-larla hücum və ya bu şəkildə radarların aşkar edə bildiyi və izləyə biləcəyi istənilən PUA-ya qarşı istifadə olunmaq üçün hazırdır”.

Bu yeni konsepsiya üçün ilk növbədə tələbin də gəlməsini gözlədiklərini bildirən Aral marağın yüksək olduğunu söyləyib.

Kosova ilə 50 milyon dollarlıq razılaşma

Zafer Aral sərgidə Kosovo ilə də mühüm bir razılaşma imzaladıqlarını bildirib: “Razılaşma Kosovonun əlindəki mövcud zirehli texnikaların silahlandırılması ilə bağlıdır. Bizdə 30x113 mm toplar var. 30x113 mm qüllə və toplarla Kosovodakı zirehli texnikaların silahlandırılması ilə bağlı razılaşma imzalandı. 100 quru nəqliyyat vasitəsini qüllə və 30x113 mm toplarla silahlandıracağıq. Bu, 50 milyon dolları aşan bir razılaşmadır”.

Müharibə konsepsiyası dəyişib

Türkiyənin dünya müdafiə sənayesində artıq çox fərqli mövqeyə gəldiyini vurğulayan Aral sözlərini belə yekunlaşdırıb:

“Müharibə konsepsiyası dəyişdi. Bahalı olmayan, insansız quru, dəniz və hava vasitələri və bu vasitələrin daşıya bildiyi ən effektiv silahlarla müharibələr aparılmağa başlandı. Artıq müharibə konsepsiyası budur. Türkiyə bu gün dünyada bu konsepsiyaya yeganə malik olan ölkədir demək olar. Buna görə də son 6 aydır, xüsusilə son 3 aydır Körfəz ölkələrindən Filippin və İndoneziyaya, Malayziyadan Afrika ölkələrinə qədər bu yeni müharibə konsepsiyası üçün böyük axtarışlara girən dövlətlərlə davamlı təmas halındayıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   CANiK   M3   FALCON  


Bizi "telegram"da izləyin