Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi davam edir.
Akyol “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində agentliyin müxbirinə açıqlamalar verib.
SAHA 2026 Türkiyə müdafiə sənayesinin vitrini
Akyol SAHA 2026-nın Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni göstərən mühüm vitrin olduğunu bildirərək deyib:
“Bu sərgi yeni məhsullarımızı dünya arenasına çıxarmaq üçün də bir imkandır. Lakin bu dövrdə məhsulların dizaynını hazırlayarkən onların seriyalı istehsalını da planlaşdırırıq. Bu gün ASELSAN olaraq yeni döyüş meydanının dəyişikliklərinə uyğun mədəni transformasiya içindəyik. Daha sürətli, daha az xərc tələb edən, daha çevik məhsulları daha çox istehsal etmək, xüsusilə mülki sənayenin infrastrukturundan istifadə edərək daha yüksək sayda istehsal həyata keçirmək, çəkindirmə və hücum təsiri yüksək olan məhsulları artırmaq üçün çalışırıq”.
KILIÇ və TUFAN ilk dəfə təqdim olunub
Akyol ASELSAN-ın sərgidə ilk dəfə nümayiş etdirdiyi məhsullardan olan kamikadze avtonom sualtı vasitəsi KILIÇ və kamikadze insansız dəniz platforması TUFAN barədə məlumat verərək bunları deyib:
“Türkiyənin ilk kamikadze sualtı vasitəsi KILIÇ-ı ilk dəfə dünyaya elan etdik. Eyni zamanda arxa planda seriyalı istehsal fəaliyyətlərini planlaşdırdığımız, gələn il inventara daxil olacaq bir məhsuldan danışırıq. Eyni şəkildə TUFAN yeni nəsil kamikadze suüstü platformasını da burada dünya ilə tanış etdik. Hər ikisi öz sahəsində oyundəyişdirici məhsullardır. Bunlar dənizlərdə yeni dövr açacaq, “Mavi Vətən”ə yeni anlayış qazandıracaq məhsullardır. Sualtı vasitə aşkarlanması olduqca çətin, üzərində yüngül torpedonun daşıya biləcəyi qədər döyüş başlığı olan, yüksək partlayıcı gücə malik, avtonom hərəkət qabiliyyətinə sahib, zərbə tipli pilotsuz uçuş aparatlarından və peykdən idarə oluna bilən, çoxtərəfli əməliyyat bacarığı olan və həqiqətən sürpriz təsiri ilə uzun məsafələr qət edə bilən, saatlarla hərəkətdə qala bilən kamikadze sualtı vasitəsi ailəsidir”.
Akyol TUFAN-ın da yüksək sürətli və çəkindirici suüstü vasitə olduğunu bildirərək, bu iki məhsulun Türkiyə Hərbi Dəniz Qüvvələrinə yeni anlayış qazandıracağını deyib.
“Polad Günbəz”ə yeni təbəqələr gəlir
Akyol SAHA 2026-dakı gündəmlərindən birinin də Türkiyənin təbəqəli hava hücumundan müdafiə arxitekturası “Polad Günbəz” olduğunu bildirərək bunları deyib:
“Yeni təqdimatlarımızla “Polad Günbəz”ə yeni elementlər əlavə edəcəyik. SAHA 2026 çərçivəsində yeni müqavilə mərasimləri keçiriləcək. Bu müqavilələr xüsusilə üst təbəqə adlandırdığımız ballistik raketlərin qarşısını almaq və çox yüksək hündürlükdə hava hücumundan müdafiə təmin etmək üçün nəzərdə tutulan SİPER versiyalarını əhatə edəcək. Bunlar “Polad Günbəz”in yeni AR-GE fəaliyyətləridir. Eyni zamanda sərgiyə pilotsuz uçuş aparatlarına qarşı müdafiə təbəqəsi və “Polad Günbəz”in radioelektron mübarizə təbəqəsi üçün yeni məhsullar gətirdik”.
Akyol bildirib ki, GÖKALP önləyici pilostsuz uçuş aparatı da bu çərçivədə önə çıxan məhsullardan biridir.
“Bu il 400 mindən çox məhsul təhvil verəcəyik”
Döyüş meydanındakı dəyişikliklərin ASELSAN məhsullarına marağı artırdığını vurğulayan Akyol deyib: “Keçən il 286 min ədəd məhsulu son istifadəçiyə təhvil verməyi bacardıq. SİPER kimi hava hücumundan müdafiə sistemini bir məhsul hesab edə bilərsiniz. Ağıllı sursatlar, idarəolunan sursatlar, radioelektron mübarizə, radar və bir çox başqa sistemlər... Bu il 400 mindən çox məhsul təhvil verəcəyik”.
O bildirib ki, şirkətin seriyalı istehsal gücü hər il artır.
Akyol qeyd edib ki, ötən il 372 milyon dollarlıq və 40 faiz istehsal gücü artımı təmin edən yeni müəssisə istifadəyə verilib. Davam edən 200 min kvadratmetrlik qapalı sahə investisiyası ilə yanaşı, 850 min kvadratmetrə çatacaq yeni infrastruktur layihələri də planlaşdırılır.
Ahmet Akyol deyib: “AR-GE qədər istehsalın da vacib olduğu dövrdəyik. Bunları robotlaşdırılmış avtomatlaşdırma xətləri ilə tamamlayırıq. Keçən il idarəolunan sursatlarda, ağıllı sursatlarda, radarlarda, axtarış başlıqlarında və bir çox başqa sahədə 10 yeni robotlaşdırılmış avtomatlaşdırma xəttini istifadəyə verdik. Artıq robotlarla minlərlə məhsul istehsal edirik”.
Hava hücumundan müdafiə və pilotsuz uçuş aparatı sistemlərinə yüksək tələbat
ASELSAN-ın Baş direktoru Akyol son dövrdə xüsusilə hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı müdafiə, erkən xəbərdarlıq radarları, SİHA-lara inteqrasiya olunan sursatlar və optik sistemlərə böyük tələbat olduğunu bildirib.
Akyol ASELSAN-ın başda “Polad Günbəz” olmaqla böyük sistemlərə yeni imkanlar qazandırmağa və bunları yüksək sayda istehsal etməyə fokuslandığını bildirərək deyib: “Şirkətdə təxminən 14-15 min mühəndis və texnik çalışır. Bu gün burada 1000-ci məhsulun milliləşdirilməsi mərasimi keçiriləcək. Bu o deməkdir ki, 1 milyard dollardan artıq vəsaiti Türkiyədə saxlamışıq. Təxminən 1000 məhsulu xaricdən almırıq, Türkiyədə istifadə edirik. Bu, məşğulluq deməkdir”.
Akyol ASELSAN-ın istehsal və dizayn bacarıqlarını yeni müəssisələrlə Anadoluda yaymağa davam etdiyini, 46 vilayəti əhatə edən təchizat ekosisteminə sahib olduqlarını da bildirib.
“Dünyadakı şirkətlərdən daha sürətli qaçırıq”
Ahmet Akyol ASELSAN-ın qlobal miqyasdakı mövqeyi ilə bağlı bunları deyib: “Son 3 ildə qlobal müdafiə şirkətlərinin böyümə göstəricisi dünya üzrə orta hesabla 11 faiz olduğu halda, biz 3 ildə 29 faizə çatmışıq. Bu, komanda olaraq onlardan daha sürətli hərəkət etdiyimizi göstərir. Eyni şəkildə son 3 ildə sifariş artımımız 90 faizə çatdığı halda, dünyada bu göstərici 30 faiz olub. ASELSAN məhsul hazırlama müddətini 48 aydan 28 aya endirib, adambaşına düşən gəlirimiz isə 200 min dollardan 300 min dollara yüksəlib.
Bu gün 44 milyard dollara çatan bazar dəyəri ilə ölkə iqtisadiyyatına töhfə verməyin, xalqımıza bu qüruru yaşatmağın sevincini yaşayırıq. Bu, komandanın işidir. Bu, dövlətin ortaya qoyduğu iradənin nəticəsidir. Xalqın dəstəyinin nəticəsidir. Bu gənc heyətlə birlikdə bu yolda qaçmağa davam edəcəyik. Bu şüurla və bu qürurla dünyaya nümunə olarkən yolumuza elmi prinsiplər çərçivəsində davam edəcəyik”.
Sevinc Əliyeva
Ordu.az