Ordu.az xəbər verir ki, 2,5 kiloqramdan aşağı çəkisi və qatlana bilən dizaynı ilə diqqət çəkən TOGAN-M radioelektron mübarizə şəraitinə davamlı milli proqram təminatı və milli informasiya təhlükəsizliyi arxitekturası ilə həm hərbi, həm də strateji mülki əməliyyatlarda etibarlı kəşfiyyat-müşahidə həlli təqdim edir.
Türkiyə müdafiə sənayesi çərçivəsində milli texnologiyalara imza atan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” taktiki səviyyəli kəşfiyyat-müşahidə seqmentinə yeni nəfəs gətirib. İstifadəçi ehtiyaclarına uyğun optimallaşdırılan və mülki rəqibləri ilə müqayisədə hərbi standartlardakı təhlükəsizliyi ilə seçilən “TOGAN-M Mini” Kəşfiyyat-Müşahidə PUA Sistemi yüksək ayırdetmə qabiliyyətli görüntüləmə imkanları və avtonom bacarıqları ilə SAHA 2026-da ilk dəfə nümayiş olunub.
STM-in Baş direktoru Özgür Güleryüz TOGAN-M-in imkanlarını qiymətləndirərkən sistemin xüsusilə sahədəki bölmələrə qazandıracağı sürətə diqqət çəkərək bunları deyib:
“Döyüş meydanının dinamikası bölmələrimizin çox sürətli şəkildə ətraf mühit barədə məlumatlılıq qazanmasını zəruri edir. TOGAN-M bir dəqiqədən az quraşdırılma müddəti və tək hərbçi tərəfindən çantada daşına bilən kompakt quruluşu ilə çevik bölmələrimiz üçün hazırlanıb. Mülki analoqlarından ən böyük fərqi isə STM-in milli alqoritmləri ilə təchiz olunmuş radioelektron mübarizəyə davamlılığı və internetə qapalı, informasiya təhlükəsizliyini prioritet sayan arxitekturasıdır. Hərbi xəritə bazaları və koordinat sistemləri ilə tam uyğun çalışan TOGAN-M ilə həm kənd ərazilərində, həm də yaşayış məntəqələrində keçirilən əməliyyatlarda xarici asılılığı aradan qaldıran, sərhəd və baza təhlükəsizliyində effektiv, xərc baxımından səmərəli həll təqdim edirik”.
Radioelektron mübarizəyə davamlı və tam avtonom
TOGAN-M 3 oxlu sabitləşdirilmiş gimbal üzərində yerləşən 4K gündüz və yüksək dəqiqlikli termal (gecə) kamera sistemləri ilə 24/7 fasiləsiz müşahidə həyata keçirə bilir. Tezlik atlamalı rabitə sistemi sayəsində maneələrə qarşı yüksək davamlılıq göstərən PUA əlaqə itkisi zamanı avtomatik işə düşən LTE bağlantısı ilə fasiləsiz məlumat ötürülməsini davam etdirə bilir. GNSS (peyk) olmayan mühitlərdə belə axın kamerası (flow camera) dəstəyi ilə avtonom eniş-qalxış edə bilən sistem sabit və hərəkətli hədəflərin avtonom aşkarlanması və izlənməsi zamanı hər cür çətin coğrafiyada təhlükəsiz şəkildə istifadə oluna bilir.
Texniki xüsusiyyətlər
Çəki: 2,5 kq
Uçuş müddəti: 30 dəqiqə
Missiya hündürlüyü (AGL/MSL): 500 m / 3000 m
Avtonom uçuş sürəti: 15 m/s
İşləmə temperaturu: -10 °C - +40 °C
Rabitə məsafəsi: 6500 m (LOS)/LTE ilə limitsiz
Kamera sistemi: 4K gündüz + termal + LRF (1200 m+)
Davamlılıq: Radioelektron mübarizə qoruması
Sevinc Əliyeva
Ordu.az