TÜBİTAK SAHA 2026-da 14 strateji əməkdaşlıq sazişi imzalayıb - ƏTRAFLI

2026/05/1778150443.jpg
Oxunub: 438     14:39     07 May 2026    
TÜBİTAK SAHA 2026-da müdafiə, aviasiya və kosmik sənaye üçün hazırladığı kritik texnologiyaları nümayiş etdirərkən, Milli Texnologiya Hərəkatı çərçivəsində 14 strateji əməkdaşlıq sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, Türkiyə və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi davam edir.

Sərginin ikinci günündə nazir Mehmet Fatih Kaçırın himayəsində TÜBİTAK ilə tərəfdaş qurum və təşkilatlar arasında yaradılmış əməkdaşlıqların konkret göstəricisi olaraq TÜBİTAK SAHA İmza Mərasimi keçirilib.

Nazir Kaçır burada çıxışı zamanı Türkiyə müdafiə sənayesinin əsas xüsusiyyətinin “ekosistem” olduğunu bildirərək bunları deyib:

“Dünyanın ən böyük müdafiə sənayesi şirkətləri arasında yer alan Türkiyə müdafiə sənayesi nəhəngləri, KOBİ-lərimiz, texnologiya təşəbbüslərimiz, araşdırma mərkəzlərimiz, institutlarımız, laboratoriyalarımız birlikdə çalışan AR-GE və istehsal zəkasını təmsil edirlər. Bu qarşılıqlı əlaqə sayəsində Türkiyə müdafiə sənayesi dünyada bənzəri az görülən səviyyədə böyük layihələri çox sürətlə tamamlayaraq inventara daxil etməyi bacarır. Bizim vəzifəmiz bu qarşılıqlı əlaqəni gündən-günə daha da gücləndirməkdir. İnanıram ki, bu gün TÜBİTAK və tərəfdaşları arasında atılan imzalar Türkiyəni bu məqsədə daha da yaxınlaşdıracaq və Türkiyə müdafiə sənayesində ən kritik ehtiyaclarını yerli və milli imkanlarla qarşılamağa bu layihələrlə davam edəcək. Dünyada yalnız az sayda ölkənin əldə edə bildiyi uğurları Türkiyə müdafiə sənayesi ekosistemi 4 mindən çox şirkətdə çalışan 100 mindən artıq əməkdaşımızın əməyi və birgə fəaliyyəti ilə davam etdirəcək”.

Mərasimdə “Milli Texnologiya Hərəkatı” istiqamətində 14 strateji əməkdaşlıq sazişi imzalanıb.

ASELSAN ilə kosmos və raket sahəsində əməkdaşlıqlar

ASELSAN ilə TÜBİTAK UZAY arasında “Yüksək Ayırdetmə Qabiliyyətli Peyk Qrupu Hazırlanması Layihəsi çərçivəsində ASELSAN Giroskop Avadanlığının Təchizatı Müqaviləsi” imzalanıb.

ASELSAN tərəfindən hazırlanan giroskop avadanlığının TUGEP layihəsi çərçivəsində hazırlanan İMECE-3 peykində istifadə olunması məqsədilə imzalanan bu müqavilə ilə kritik atalet ölçmə texnologiyalarında yerli və milli həllərin kosmik platformalara inteqrasiyası təmin edilərək xarici asılılığın azaldılması və sistem imkanlarının artırılması hədəflənir.

TÜBİTAK SAGE ilə ASELSAN arasında imzalanan “GÖKSUR Bacarıqlarının Qazanılmasına Yönəlmiş Əməkdaşlıq” sazişi ilə GÖKSUR tam atım raketinin hazırlanması müqaviləsi çərçivəsində tərəflərin öz ixtisas sahələrindəki təcrübə və biliklərini birləşdirərək əməkdaşlıq şəraitində çalışmaları planlaşdırılır.

ROKETSAN ilə TÜBİTAK UZAY arasında peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş “Kosmik Texnologiyalar üzrə Çərçivə Əməkdaşlıq Protokolu” imzalanıb.

Protokol çərçivəsində tərəflərin malik olduqları texniki bacarıq və infrastrukturun daha səmərəli istifadəsi hədəflənir, AR-GE fəaliyyətləri, ortaq layihələrin hazırlanması və kritik texnologiyaların yerliləşdirilməsi prioritet istiqamətlər arasında yer alır.

“Pardus” və radioelektron mübarizə layihələri ön plana çıxıb

Mərasimdə imzalanan “Təhsildə Pardus Əməliyyat Sisteminin Yayğınlaşdırılması Layihəsi” ilə Milli Təhsil Nazirliyinə bağlı məktəblərdə istifadə olunan interaktiv lövhələrdə işləyən “Pardus” ETAP Əməliyyat Sisteminin hazırlanması, texniki xidmət və dəstək proseslərinin vahid yanaşma ilə həyata keçirilməsi məqsəd qoyulub.

2026-cı il iyulundan etibarən Türkiyə üzrə təxminən 650 min interaktiv lövhə Pardus infrastrukturuna keçirilmiş olacaq.

“TÜBİTAK SAGE və “EHSİM Elektronik Harp Sistemleri” arasında Əməkdaşlıq Protokolu” ilə radioelektron mübarizə sahəsində əməliyyat konsepsiyalarının hazırlanması, düşmənin rabitə və radar sistemlərini təsirsiz hala gətirmək, eyni zamanda dost sistemlərin təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə texniki-iqtisadi əsaslandırma işlərinə başlanması nəzərdə tutulur.

TÜBİTAK MAM ilə DELTA-V arasındakı “Davamlı Yüksək Performanslı Enerji və Hərəkət Sistemləri üçün Çoxfunksiyalı Qabaqcıl Material Texnologiyaları Araşdırma Protokolu” isə yüksək və ultra yüksək temperatur keramika matrisli kompozit materiallar ilə qabaqcıl hidrogen istehsalı, saxlanması və təkan texnologiyaları sahələrində ortaq AR-GE və məhsul hazırlama fəaliyyətlərini əhatə edir.

KAAN və TF-10000 mühərrik layihələrinə TÜBİTAK dəstəyi

TEI ilə imzalanan “Yeni Nəsil EB-PVD Termal Bariyer Örtüyünün Hazırlanması” protokolu ilə KAAN mühərrikinin ən kritik komponentlərindən olan turbin qanadları üçün kommersiya baxımından geniş istifadə edilən 7YSZ-dən fərqli kimyəvi kompozisiyaya malik yeni nəsil külçələrdən istifadə olunaraq termal bariyer örtük proseslərinin hazırlanması və 7YSZ ilə müqayisədə daha aşağı istilik keçiriciliyinə malik termal bariyer örtüklərinin hazırlanması ilə mühərrikin iş temperaturu və performansının yaxşılaşdırılması məqsəd qoyulur.

Yenə TEI ilə imzalanan “TEI-TF10000 Turbofan Mühərrikinin Tək Kristallı Turbin Qanadı Tökmə Müqaviləsi” çərçivəsində TEI tərəfindən hazırlanan ilk milli turbofan mühərriki TF-10000-ə aid turbin qanadlarının TÜBİTAK MAM tərəfindən istehsal olunması qərara alınıb.

“Termal Bariyer Örtüyü Tətbiq Edilmiş Turboşaft Sabit Yönləndirici Qanadların Təslim Mərasimi” çərçivəsində isə TEI tərəfindən hazırlanan ilk milli turbofan mühərriki TF-10000-ə aid turbin qanadları da TÜBİTAK MAM tərəfindən istehsal ediləcək.

KBRN, kripto-rabitə və dəniz layihələri üçün imzalar atılıb

Türkiyə Milli Müdafiə Nazirliyi ilə TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi arasındakı “KBRN Kollektiv Müdafiə Sistemlərinin İcrasına dair Əməkdaşlıq Protokolu” ilə Milli Müdafiə Nazirliyinə bağlı sığınacaqların kimyəvi, bioloji, radioloji və nüvə təhdidlərinə qarşı mühafizə modernizasiyasının həyata keçirilməsi, yeni qurulacaq sığınacaqların müvafiq hərbi standartlara uyğunluğunun hesablanması və KBRN müdafiəsi məqsədilə qurulmalı sistemlərin yerləşdirmə planlarının hazırlanması nəzərdə tutulur.

Nazirliyin TÜBİTAK BİLGEM ilə imzaladığı “350 ədəd MİLSEC-3KX Səs Təhlükəsizlik Kripto Cihazının Təchizatı Müqaviləsi” ilə Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacı olan 350 ədəd MİLSEC-3KX cihazının Milli Müdafiə Nazirliyi tərəfindən alınması və cihazların radio rabitəsini şifrələyərək həm NATO, həm də milli elementlərlə təhlükəsiz rabitə imkanı yaratması planlaşdırılır.

ASFAT ilə Birgə AR-GE, Məhsul Hazırlama və Kommersiyalaşdırma Fəaliyyətlərinə dair Əməkdaşlıq, TF-2000 Hava Hücumundan Müdafiə Müharibəsi Esminesi Layihəsi çərçivəsində “Degaussing” Sistemi Təchizatı Subpodratçı Müqaviləsi və “Açıq Dəniz Patrul Gəmisi Layihəsi 7-10-cu Gəmilər üçün “Degaussing” Sistemi Təchizatı Subpodratçı Müqaviləsi” imza mərasimi də keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜBİTAK   SAHA-2026  


Bizi "telegram"da izləyin