Ordu.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Məlumata görə, gələcəkdə strukturun genişləndirilməsi nəzərdə tutulur, 2027-ci ildə isə zəruri mütəxəssislərin, o cümlədən süni zəka sahəsi üzrə ekspertlərin seçilməsi üçün imtahanlar keçiriləcək.
İlk mərhələdə idarəyə əsasən Nazirlər Kabinetinin hazırkı Tədqiqat Bürosunun əməkdaşları keçiriləcək. Həmin əməkdaşlar açıq mənbələrdən, digər qurumlardan, ABŞ-dən əldə olunan və peyk kəşfiyyatından alınan məlumatları təhlil edirlər. Bu qurum əsasən polis və Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşlarından formalaşdırılıb.
Strukturun ilk növbədə xarici ölkələr üzrə mütəxəssislər və kompüter texnologiyaları sahəsinin ekspertləri ilə gücləndirilməsi planlaşdırılır. Eyni zamanda bir sıra xarici dövlətlərin kəşfiyyat xidmətləri ilə məlumat mübadiləsinin aktivləşdirilməsi nəzərdə tutulur.
Yaponiyanın indiyədək vahid kəşfiyyat qurumu olmayıb. Bu funksiyalar polis, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin ayrı-ayrı bölmələri tərəfindən həyata keçirilib.
Apreldə parlamentin aşağı palatası baş nazirə tabe olacaq Milli Kəşfiyyat Şurasının və məlumatların toplanması və işlənməsi ilə məşğul olacaq Milli Kəşfiyyat İdarəsinin yaradılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Milli Kəşfiyyat Şurasının tərkibinə hökumət başçısından başqa Nazirlər Kabinetinin əsas üzvləri, yəni hökumətin baş katibi, xarici işlər, müdafiə, ədliyyə və maliyyə nazirləri daxil olacaq. Məhz bu tərkib kəşfiyyat və əks-kəşfiyyat sahəsində prinsipial qərarlar qəbul edəcək.
Bu qərarların praktiki icrası isə Milli Kəşfiyyat İdarəsinin üzərinə düşəcək və qurumun rəhbəri nazir statusuna malik olacaq.
Sevinc Əliyeva
Ordu.az