Makron İrana Hörmüz boğazının təhlükəsizliyi üzrə beynəlxalq missiyada iştirak etməyi təklif edib

2026/05/1777963503.jpg
Oxunub: 443     09:12     07 May 2026    
Fransa Prezidenti Emmanuel Makron İran lideri Məsud Pezeşkian ilə danışıqlar aparıb və Fransa ilə Böyük Britaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək beynəlxalq missiyanın yaradılması təşəbbüsünü nəzərdən keçirməyi təklif edib.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, dəniz marşrutlarının qorunması üzrə mümkün əməliyyata hazırlıq çərçivəsində “Şarl de Qoll” aviadaşıyıcısının rəhbərlik etdiyi Fransa aviadaşıyıcı qrupu Qırmızı dənizə doğru hərəkət edir.

Makron bildirib ki, çoxtərəfli missiya gəmi sahibləri və sığorta şirkətlərinin etimadını bərpa etməyə kömək edə bilər, eyni zamanda müstəqil xarakter daşıyacaq və münaqişə tərəflərindən asılı olmayacaq.

O əlavə edib ki, təşəbbüsü ABŞ Prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.

Fransa lideri qeyd edib ki, boğazda vəziyyətin sabitləşdirilməsi İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri üzrə danışıqlarda irəliləyişə töhfə verə bilər. Bununla yanaşı, o, gəmiçilik azadlığının təmin olunmasına çağırış edib.

Daha əvvəl Böyük Britaniya və Fransa analoji missiyaya rəhbərlik etməyə hazır olduqlarını açıqlamışdılar. Londonda isə 30-dan çox ölkənin hərbi nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

Regionda gərginliyin artması fonunda Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb və bu artıq dünya enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   İran   Hörmüz  


Bizi "telegram"da izləyin