İsrail Beyrutun cənubuna endirilən son zərbənin hədəfinin “Hizbullah” hərəkatının “Radvan” bölməsinin komandiri Malik Ballut olduğunu açıqlayıb, lakin onun ölümü ilə bağlı hələlik təsdiq yoxdur.
Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Hizbullah” Malik Ballutun ölümü ilə bağlı məlumatı təsdiqləməyib. “Radvan” bölməsi təşkilatın strukturunda elit bölmə hesab olunur və İsrail istiqamətində orta və uzaqmənzilli raket zərbələri, eləcə də pilotsuz uçuş aparatlarının tətbiqi daxil olmaqla müxtəlif əməliyyatların həyata keçirilməsinə cavabdehdir.
İsrail tərəfinin məlumatına görə, hücum ABŞ ilə koordinasiya olunub. Bununla yanaşı, Təl-Əviv əməliyyatın icra üsulu ilə bağlı ziddiyyətli məlumatlar verir. Söhbət həm qırıcıların iştirakı ilə aviazərbədən, həm də hərbi gəmidən raket buraxılışından gedə bilər.
Sevinc Əliyeva
Ordu.az