Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfinin tələbləri arasında İranın əsas nüvə obyektlərinin sökülməsi və İran İslam Respublikasında uranın zənginləşdirilməsinə 20 illik moratorium tətbiqi var.
“ABŞ İranda uranın zənginləşdirilməsinə 20 illik moratorium əldə etməyə və bütün zənginləşdirilmiş nüvə materiallarının təhvil verilməsini tələb etməyə çalışır”, - deyə nəşr yüksəkvəzifəli rəsmilərə istinadən bildirir.
Bundan əlavə, məlumatda qeyd olunur ki, ABŞ-nin tələbləri sırasında “İrandan onun nüvə silahı əldə etməyə can atmadığının təsdiqi, Fordo, Natanz və İsfahan obyektlərinin sökülməsi” də var. Həmin obyektlərə 2025-ci ilin iyununda amerikalılar zərbələr endirib.
ABŞ həmçinin yeraltı nüvə işlərinin qadağan edilməsinə və pozuntulara görə sanksiyaların nəzərdə tutulduğu yoxlamalara nail olmaq istəyir.
Daha əvvəl “Bloomberg” xəbər vermişdi ki, Vaşinqton və Tehran arasında təqdim olunan qarşılıqlı anlaşma memorandumu Hörmüz boğazının mərhələli açılmasına və İran limanları üzərində ABŞ blokadasının aradan qaldırılmasına aiddir, İranın nüvə proqramı üzrə danışıqların isə daha sonra aparılması planlaşdırılır. Agentliyin mənbəsinə görə, “hələlik heç nə razılaşdırılmayıb”. Gözlənilir ki, İran ABŞ-nin təklifinə cavabını iki gün ərzində pakistanlı vasitəçilər vasitəsilə çatdıracaq.
Sevinc Əliyeva
Ordu.az