YILDIRIMHAN ballistik raketi bu il Somalidə sınaqdan keçirilə bilər: Bəs niyə Somali? (FOTOLAR)

2026/05/1778096332.jpg
Oxunub: 763     23:39     06 May 2026    
“Bloomberg”in məlumatına görə, Türkiyə 6 min kilometr mənzilə malik YILDIRIMHAN qitələrarası ballistik raketini Somalidən sınaqdan keçirməyə hazırlaşır. Proqram kosmos və müdafiə hədəflərini eyni çətir altında birləşdirir.

Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanan YILDIRIMHAN uzaqmənzilli ballistik raketi (ICBM) ilə həm ölkədə, həm də qlobal miqyasda diqqət çəkib.

İndi isə “Bloomberg”in məlumatına görə, Türkiyə YILDIRIMHAN raketini ən tez bu il ərzində Somalidən sınaqdan keçirməyi planlaşdırır. Sözügedən sistem istifadəyə verilərsə, Türkiyə bu qabiliyyətə malik məhdud sayda ölkələr sırasına daxil olacaq.

“Bloomberg”in məlumatına görə, mənbələr YILDIRIMHAN proqramının yalnız hərbi çəkindirmə məqsədi daşımadığını, eyni zamanda Türkiyənin müstəqil kosmik imkan formalaşdırmaq hədəfinin mühüm hissəsi olduğunu bildirirlər. Eyni texnoloji infrastrukturun gələcəkdə real vaxt rejimində kəşfiyyat məlumatı təmin edə biləcək peyk sistemlərinin orbitə çıxarılmasında istifadə olunacağı qeyd edilir.

Raket Somalidən buraxıla bilər

Müdafiə mənbələrinə görə, YILDIRIMHAN-ın ilk sınaq atışı üçün Somalidə inşa edilən yeni kosmodromdan istifadə olunacaq. Hind okeanı istiqamətində həyata keçirilməsi planlaşdırılan buraxılışların payız dövründə baş tutması nəzərdə tutulur. Türkiyənin Somalidə ən böyük xarici hərbi bazasını idarə etməsi də layihəyə strateji üstünlük qazandırır.

6 min kilometr mənzilə malik raketin texniki xüsusiyyətləri arasında 3 min kiloqram döyüş başlığı daşıma qabiliyyəti və maye yanacaqlı mühərrik sistemi yer alır.


YILDIRIMHAN-ın əhatə dairəsinə bütün Avropa, Yaxın Şərq, Şimali Afrika və Rusiyanın böyük hissəsi, Mərkəzi Asiya, Hindistan və Çinin qərb bölgələri daxildir.

Türkiyənin uzaqmənzilli raket layihələrini sürətləndirməsində regional təhlükəsizlik risklərinin təsirli olduğu qiymətləndirilir. Xüsusilə İranda baş verən hadisələrin Ankaranın çəkindirmə strategiyasını yenidən formalaşdırdığı bildirilir.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra bölgədə artan gərginlik Türkiyənin müdafiə planlaşdırılmasında yeni prioritetlər formalaşdırıb. Qitələrarası ballistik raketlər adətən nüvə başlıqları ilə əlaqələndirilsə də, Türkiyənin rəsmi olaraq nüvə silahı proqramı mövcud deyil.


Türkiyənin raket inventarı yalnız YILDIRIMHAN ilə məhdudlaşmır. Ankaranın hazırda istehsalını artırdığı “Tayfun-1” ballistik raketinin ən azı 560 kilometr mənzilə malik olduğu bildirilir. Bununla yanaşı, hazırlanma mərhələsində olan “Tayfun-4” modelinin 2 min kilometrdən çox mənzilə çatmasının gözlənildiyi qeyd olunur. Bu sistemin də Somalidən sınaqdan keçirilməsi planlaşdırılır.

Digər tərəfdən, Türkiyənin hazırladığı digər uzaqmənzilli sistem olan “Cenk” raketinin təxminən 3 min kilometr mənzilə malik olduğu bildirilir.

Niyə Somali?


YILDIRIMHAN və ya digər uzaqmənzilli ballistik raketlərin Türkiyə əvəzinə Somalidən buraxılması ideyası əslində fiziki, coğrafi və strateji zərurətlərdən qaynaqlanır.

Somalinin ekvator xəttinə yaxın mövqeyi uzaqmənzilli raket və kosmik layihələr baxımından mühüm üstünlük təmin edir. Dünyanın fırlanma sürəti ekvator bölgəsində ən yüksək səviyyəyə çatdığı üçün bu nöqtədən şərq istiqamətində həyata keçirilən buraxılışlar raket sistemlərinə əlavə sürət üstünlüyü qazandıra bilir. Bu sayədə raketin və ya daşıyıcı raketin daha səmərəli işləməsi, daha az yanacaq sərf etməsi və daha yüksək yükdaşıma qabiliyyətinə çatması mümkün olur.

Digər tərəfdən, 6 min kilometr mənzilə malik raketin sınaqdan keçirilməsi çox geniş və təhlükəsiz uçuş dəhlizi tələb edir. Çoxmərhələli və maye yanacaqlı mühərrik sisteminə malik olduğu bildirilən YILDIRIMHAN-da uçuş zamanı bəzi mühərrik hissələrinin ayrılması gözlənilir. Türkiyədən həyata keçiriləcək sınaqda bu hissələrin başqa ölkələrin quru və ya dəniz ərazilərinə düşmə ehtimalı diplomatik və təhlükəsizlik riskləri yarada bilər.

Somalidən Hind okeanı istiqamətində həyata keçiriləcək buraxılışlar isə raketin uçuşunun böyük hissəsinin açıq dəniz üzərindən keçməsinə imkan verir. Beləliklə, mümkün qəza riskləri azaldılır, sınaq təhlükəsizliyi və əməliyyat məxfiliyi artırılmış olur.

Anadolu coğrafiyası isə qitələrarası raket sınağı üçün “dar” sahə hesab olunur. Türkiyədən 6 min kilometr uzaqlığa buraxılacaq raket trayektoriyası üzərində ən azı 5-6 ölkənin hava məkanını pozacaq. Bu vəziyyət nüvə qabiliyyətinə malik olmasa belə, ICBM sinfinə məxsus silah üçün ciddi diplomatik böhranlara səbəb ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YILDIRIMHAN   Ballistik-raket   Türkiyə  


Bizi "telegram"da izləyin