“Otokar” SAHA 2026 sərgisində tam heyətlə iştirak edir

2026/05/1778096272.jpg
Oxunub: 423     23:35     06 May 2026    
“Otokar” bu il SAHA 2026 sərgisində bütün məhsullarını ziyarətçilərin diqqətinə təqdim edib.

Ordu.az xəbər verir ki, hərbi texnika bazarında mühüm yerə sahib olan “Otokar” dünyaca məşhur COBRA II, ARMA 8×8, ARMA 6×6 və TULPAR zirehli texnikalarını və qüllə sistemlərini 6-cı salonda, 6H-12 stendində nümayiş etdirir.

Türkiyənin aparıcı quru texnikası ixracatçısı olan “Otokar” quru sistemləri sahəsindəki məhsul və imkanlarını istifadəçilərlə bir araya gətirməyə davam edir. Qlobal müdafiə sənayesini İstanbulda bir araya gətirən SAHA 2026 Beynəlxalq Müdafiə Sərgisində “Otokar” Türkiyədə layihələndirilən və istehsal olunan zirehli texnikalarını nümayiş etdirir.

Sərgidə ziyarətçilər “Otokar”ın müxtəlif tapşırıq və əməliyyat ehtiyacları üçün hazırladığı COBRA II, ARMA 8×8, ARMA 6×6 təkərli texnikaları və TULPAR tırtıllı zirehli döyüş maşınını yaxından inceleme imkanı əldə edəcəklər.

“Türkiyənin quru texnikaları ixrac lideri”

“Otokar”ın SAHA 2026 sərgisində iştirakı və qlobal hədəfləri ilə bağlı qiymətləndirmə aparan Baş direktor Aykut Özüner bildirib:

“Türkiyənin qlobal müdafiə sənayesi markası olaraq təcrübəmiz, mühəndislik, AR-GE və istehsal sahəsindəki imkanlarımız və sahədə özünü sübut etmiş məhsullarımızla dünya nəhəngləri ilə rəqabət aparırıq. Bu gün Türkiyə müdafiə sənayesini 5 qitədə 50-yə yaxın ölkədə uğurla xidmət göstərən texnikalarımızla təmsil etməkdən və quru texnikaları sahəsində ardıcıl ikinci dəfə Türkiyənin ixrac lideri olmaqdan qürur duyuruq”.

Özüner “Otokar”ın xaricdə uğurlu layihələr həyata keçirdiyini bildirərək qeyd edib:

“Geniş məhsul çeşidimizdəki texnikalarla xaricdə bir çox fərqli layihə ilə yaxından maraqlanır, qlobal bazarlardakı mövcudluğumuzu hər keçən gün genişləndiririk. “Otokar” dünya miqyasında tender və satınalmalarda adı çəkilən güclü və etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin ən böyük müdafiə sərgilərindən biri olan SAHA 2026-da mövcud və potensial istifadəçilərimizlə bir araya gəlməyi və əməkdaşlıqlarımızı genişləndirməyi hədəfləyirik”.

“Prioritetimiz hər zaman ölkəmizin ehtiyaclarıdır”

Özüner “Otokar”ın Türkiyə müdafiə sənayesinə töhfələrindən bəhs edərək bildirib:

“Türkiyənin ən təcrübəli quru texnikası istehsalçısı olaraq bu sahədə ölkəmizdə bir çox ilkə imza atmağın qürurunu yaşayırıq. Təxminən 40 ildir Türkiyə Silahlı Qüvvələrinə və təhlükəsizlik qüvvələrinə xidmət etməkdən şərəf duyuruq.

Türkiyə ordusunda və təhlükəsizlik qüvvələrində müxtəlif tapşırıqlarda uğurla xidmət göstərən texnikalarımız qlobal bazarlardakı ən böyük istinad mənbəyimizdir. Son olaraq ASELSAN-ın əsas podratçılığı ilə həyata keçirilən MİLKED (V/UHF Radioelektron Dəstək Sistemi) layihəsində ARMA 6×6 zirehli texnikamız Quru Qoşunları Komandanlığının istifadəsi üçün nəzərdə tutulan kritik elektron sistemlər məqsədilə xüsusi şəkildə hazırlanıb. Əməkdaşlığımız müxtəlif layihələrdə də davam edir.

Yenə ASELSAN-ın əsas podratçılığı ilə həyata keçirilən “Serhat” minaatan aşkarlama radarı layihəsi, TUMSİS layihəsi, EOS layihəsi, YENER, EJDERHA və KORKUT kimi layihələrdə xüsusi tapşırıqlar üçün texnikalar hazırlayır və təchiz edirik. Ölkəmizin müdafiə sənayesi hədəfləri istiqamətində hər zaman vəzifəyə hazırıq”.

Hər tapşırığa uyğunlaşan modul güc: COBRA II

Türkiyədə və ixrac bazarlarında sərhəd təhlükəsizliyi, daxili təhlükəsizlik və sülhməramlı əməliyyatlar daxil olmaqla bir çox tapşırıqda uğurla istifadə olunan və dünya üzrə 20-dən çox son istifadəçi inventarında aktiv şəkildə xidmət göstərən COBRA II qoruma səviyyəsi, üstün hərəkət qabiliyyəti, geniş daxili həcmi və daşıma qabiliyyəti ilə seçilir.

COBRA II ballistik, mina və əldəqayırma partlayıcı qurğu təhdidlərinə qarşı yüksək səviyyədə qoruma təmin edir.

Ən çətin ərazi və iqlim şəraitində yüksək performans göstərən texnika müxtəlif tapşırıq ehtiyaclarına effektiv şəkildə uyğunlaşır. Geniş silah sistemi inteqrasiyası və tapşırıq avadanlığı seçimləri ilə seçilən COBRA II modul quruluşu sayəsində Zirehli Personal Daşıyıcısı, Silah Platforması, Kəşfiyyat və Müşahidə Texnikası, Komanda-İdarəetmə Texnikası, Daxili Təhlükəsizlik/Patrul Texnikası və Zirehli Təcili Yardım maşını kimi müxtəlif tapşırıqlarda istifadə oluna bilir.

COBRA II SAHA 2026 sərgisində DASAL məhsulu olan Texnika Üzərində Pilotsuz Uçuş Aparatı Stansiyası ilə birlikdə nümayiş etdirilir. Hazırlanan texnologiya sayəsində digər texnika üzərindəki həllərdən fərqli olaraq pilotsuz uçuş aparatı saatda 30 km sürətlə hərəkət edən texnikadan qalxma və enmə icra edə bilir. Pilotsuz uçuş aparatı tərəfindən əldə olunan görüntülər texnikadakı Yer İdarəetmə Stansiyasına simsiz şəkildə ötürülür.

Sistemin ən mühüm xüsusiyyəti pilotsuz uçuş aparatındakı batareyanın stansiyada əvvəlcədən doldurulmuş başqa batareya ilə 1 dəqiqədən az müddətdə avtomatik dəyişdirilməsidir. Bunun sayəsində pilotsuz uçuş aparatı istifadəçi təhlükəsizliyini riskə atmadan davamlı uçuş performansı ilə fasiləsiz tapşırıq və uçuş imkanını texnika hərəkətdə olarkən də təmin edir.

Çoxtəkərli modul zirehli: ARMA

“Otokar”ın çoxtəkərli zirehli döyüş maşını ARMA üstün hərəkət qabiliyyəti ilə yüksək səviyyəli mina və ballistik qorumanı bir arada təqdim edir və orta, eləcə də yüksək çaplı silah sistemlərinin inteqrasiyasına imkan verən modul platformadır.

Ən çətin ərazi və iqlim şəraitində effektiv şəkildə fəaliyyət göstərə bilən ARMA əməliyyat ehtiyaclarına uyğun olaraq müxtəlif silah sistemləri ilə konfiqurasiya oluna bilir.

Texnika zirehli personal daşıyıcısı, zirehli döyüş maşını, komanda-idarəetmə və KBRN kəşfiyyat texnikası kimi müxtəlif tapşırıqlarda istifadə edilə bilir. “Otokar” SAHA 2026 sərgisində ARMA 6×6 və ARMA 8×8 texnikalarını 30 mm çaplı MIZRAK qülləsi ilə nümayiş etdirir.

Yeni nəsil zirehli döyüş maşını: TULPAR

“Otokar”ın dünyaca məşhur zirehli texnikaları arasında son illərdə ən çox diqqət çəkənlərdən biri olan TULPAR modul zirehli tırtıllı texnikası hərəkət qabiliyyəti, yüksək atəş gücü və sağqalma xüsusiyyətləri ilə seçilir.

Ortaq platforma arxitekturası sayəsində 28-45 ton aralığında müxtəlif tapşırıq ehtiyaclarına uyğun şəkildə konfiqurasiya oluna bilən modul dizayn müxtəlif konfiqurasiyalarda ortaq gövdə və alt sistem istifadəsinə imkan yaradır.

Çətin iqlim və ərazi şəraitində geniş sınaqlardan keçirilən TULPAR yüksək ballistik və mina qoruma səviyyəsi təqdim edir. 120 mm çapa qədər yüksək atəş gücü tələb edən tapşırıqlar üçün həll təqdim edən texnika müxtəlif əməliyyat ehtiyaclarına uyğunlaşan çevik quruluşu ilə diqqət çəkir.

TULPAR SAHA 2026 sərgisində ASELSAN KORHAN qüllə sistemi ilə nümayiş etdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   SAHA-2026   Türkiyə  


Bizi "telegram"da izləyin