Ordu.az xəbər verir ki, imzalanma mərasimi İstanbul Sərgi Mərkəzində keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi çərçivəsində baş tutub.
Müqavilə Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün, TUSAŞ İdarə Heyətinin sədri Ömər Cihad Vardan və TUSAŞ Baş direktoru Mehmet Dəmiroğlu tərəfindən imzalanıb.
İmzalanma prosesindən sonra açıqlama verən Haluk Görgün bildirib ki, SAHA təşkilatının ən mühüm elementlərindən biri müdafiə sənayesinə yönəlmiş tədarük müqavilələridir.
Görgün qeyd edib: “Müdafiə Sənayesi İcra Komitəsində qəbul olunan qərarlar çərçivəsində pilotsuz hücum təyyarələrindən pilotlu döyüş təyyarələrinə, müxtəlif hücum sistemlərindən quru texnikalarına və radioelektron mübarizə sistemlərini əhatə edən bir çox genişmiqyaslı layihənin imzalanma mərasimini birlikdə həyata keçirdik”.
KAAN layihəsi çərçivəsində hazırlanan milli döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında yer alan və 2030-cu illərdən etibarən mərhələli şəkildə xidmətdən çıxarılması planlaşdırılan F-16 döyüş təyyarələrini əvəz etməsi nəzərdə tutulur.
Layihə çərçivəsində tamamilə yerli imkan və qabiliyyətlərlə layihələndirilən yeni nəsil döyüş təyyarəsinin hazırlanması işləri TUSAŞ tərəfindən davam etdirilir.
Türkiyənin hava qüvvələrinə mühüm imkanlar qazandıracağı gözlənilən KAAN-ın müasir döyüş təyyarələrində olması tələb olunan bir çox qabaqcıl texnologiyanı özündə birləşdirəcəyi bildirilir. Təyyarədə aşağı görünmə qabiliyyəti, daxili silah bölməsi, yüksək manevr qabiliyyəti, artırılmış vəziyyət məlumatlılığı və sensor füzyonu kimi kritik texnologiyaların yer alacağı qeyd olunur.
Milli Döyüş Təyyarəsi KAAN texniki xüsusiyyətləri:
Qanad açılımı: 13,4 metr,
Qanad sahəsi: 71,6 m²,
Uzunluq: 20,3 metr,
Hündürlük: 5 metr,
Maksimal qalxma çəkisi: 60.000 lb,
İtələmə gücü: 2 x 29.000 lb,
Maksimal sürət: 1,8 “Mach”,
Xidmət tavanı: 55.000 fut,
Müsbət/mənfi G limiti: +9g / -3.5g,
Çoxrollu (“hava-hava” və “hava-yer”),
Super uçuş qabiliyyəti,
Yüksək manevr qabiliyyəti,
Daxili sursatlar - aşağı radara görünmə xüsusiyyəti,
Genişləndirilmiş əməliyyat radiusu,
Mövcud və gələcək platformalarla birlikdə işləmə qabiliyyəti,
Yüksək situasiya məlumatlılığı,
Qərar dəstəyi ilə optimallaşdırılmış pilot yükü,
Yaxın və uzaq mənzilli silahlar,
Dəqiq zərbə,
Birləşdirilmiş radiotezlik sistemi,
Birləşdirilmiş elektro-optik sistem,
Birləşdirilmiş rabitə, naviqasiya və tanıma sistemi,
İnteqrasiya edilmiş modul avionik,
Geniş ekran göstərici sistemi,
Dəbilqəyə quraşdırılmış displey sistemi.
Milli Döyüş Təyyarəsi ilə yüksək performanslı radar, radioelektron mübarizə, elektro-optik, rabitə, naviqasiya və tanıma qabiliyyəti, yüksək/səsdən sürətli sürətdə daxili silah bölmələrindən dəqiq və yüksək dəqiqlikli atəş açma imkanı, avtomatik hədəf tanıma və aşkarlama, çoxsaylı məlumat birləşməsi və süni zəka imkanları ilə artırılmış döyüş gücü əldə ediləcək.
Sevinc Əliyeva
Ordu.az