2030-cu ilə qədər 20 ədəd KAAN inventara daxil olacaq

2026/05/1778093285.jpg
Oxunub: 502     22:44     06 May 2026    
Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsi ilə TUSAŞ arasında KAAN tədarük müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün təhvil həcmi ilə bağlı açıqlama verib.

20 ədəd KAAN inventara daxil olacaq

Haluk Görgün bildirib: “Bu gün imzaladığımız müqavilə çərçivəsində 2028-ci ildən başlayaraq 2030-cu ilin sonunadək Hərbi Hava Qüvvələri Komandanlığımıza 20 ədəd “Blok-10” KAAN təyyarəsini təhvil verməyi hədəfləyirik”.

Görgün eyni zamanda yerli mühərrikli KAAN ilə bağlı da açıqlama verib: “Yerli mühərrik inkişaf etdirmə yol xəritəmizə uyğun olaraq TF35000 mühərrikinin imkanlarının artırılması ilə Blok-30 KAAN platformalarına inteqrasiyasını da planlaşdırırıq”.

KAAN layihəsi çərçivəsində hazırlanan döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında yer alan və 2030-cu illərdən etibarən mərhələli şəkildə xidmətdən çıxarılması planlaşdırılan F-16 döyüş təyyarələrini əvəz etməsi nəzərdə tutulur.

KAAN-da hansı sursatlardan istifadə olunacaq?

Milli Döyüş Təyyarəsi KAAN-ın əməliyyat imkanlarını artırmaq məqsədilə həm daxili, həm də xarici asqı nöqtələrində istifadə ediləcək geniş çeşiddə sursat hazırlanır.

Bu çərçivədə təyyarədə HGK-82, HGK-83 və HGK-84 dəqiq tuşlama dəstləri, LGK-82 və LGK-84 lazer tuşlama dəstləri, KGK-82 və KGK-83 qanadlı tuşlama dəstləri, SOM ailəsinə məxsus qanadlı raketlər, Miniatür Bomba Sistemi, “Teber-82”, MK-82, MK-83 və MK-84 ümumi təyinatlı bombalar yer alır.

Bundan əlavə, hava üstünlüyü və xüsusi tapşırıqlar üçün yerli yaxın mənzilli (WVR) və uzaq mənzilli (BVR) “hava-hava” raketləri, 500 LB və 2000 LB nüfuzetmə qabiliyyətli bombalar, Anti-Radiyasiya Raketi (AKBABA) və qanadlı raketlər kimi qabaqcıl sursat sistemlərinin inteqrasiyası nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 2030   KAAN   Türkiyə  


Bizi "telegram"da izləyin