Təxminən yarım əsr davam edən bu razılaşma görünür sınaq qarşısındadır. İsrail mənbələri məlumat yayıb ki, ABŞ-də təxminən 30 demokrat konqresmen dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq Ağ Evdən İsrailin nüvə silahına malik olduğunu rəsmi şəkildə tanımağı tələb edib. Təşəbbüsün müəllifi Konqresin Nümayəndələr Palatasının üzvü Hoakin Kastrodur.
ABŞ qanunvericiləri bunu onunla əsaslandırıblar ki, mart ayında İran Arad şəhərini və Dimon nüvə tədqiqat mərkəzinin “yaxın ətrafını” raket atəşinə tutub. Bu isə İsrailin hava hücumundan müdafiə sisteminin “imkanları barədə təsəvvürlərin şişirdildiyini” göstərir. Konqresmenlərin fikrincə, ABŞ “İsrailin “qırmızı xətləri” barədə kifayət qədər məlumatlı deyil”.
Onlar ehtiyat edirlər ki, İran tərəfindən “kritik zərbələr” endiriləcəyi halda Qüds nüvə silahından istifadə edə bilər. Buna görə də hesab edirlər ki, ABŞ “İsrailin nüvə arsenalını ictimailəşdirməlidir”.
Anlaşıldığı qədərilə demokrat konqresmenlər narahatdırlar ki, İran əleyhinə İsrail tərəfindən nüvə silahı istifadə olunarsa, beynəlxalq məsuliyyət ABŞ-yə yönələcək. Buna görə də məqsədəuyğun hesab edirlər ki, Ağ Ev əvvəlcədən özünü sığortalasın.
Qaldırılan məsələ son dərəcə həssasdır. ABŞ-nin heç bir prezidenti İranın nüvə silahı yaratmaq hüququnu tanımayıb və Donald Tramp dəfələrlə bəyan edib ki, buna heç vaxt imkan verməyəcək.
İran-ABŞ qarşıdurmasının həlledici mərhələsində Vaşinqton İsraili nüvə dövləti kimi tanıyıb, eyni hüquqdan İranı məhrum edə bilməz. Bundan əlavə, mətbuatın məlumatına görə, Vaşinqton Səudiyyə Ərəbistanı və BƏƏ-nin nüvə iddialarını da “cilovlayır”.
Belə təəssürat yaranır ki, ABŞ İranın nüvə proqramını məhv etmək və ya sülh yolu ilə razılığa gəlmək perspektivi görmür. Bu halda yalnız “İsrailin nüvə silahına malik olduğunu, İranın isə buna son dərəcə yaxın olduğunu qəbul etmək” qalır.
Bəlkə də Soyuq müharibə dövründə Böyük Britaniyanın baş naziri Tetçerin təklif etdiyi kimi “qarşılıqlı çəkindirmə” prinsipi işləyəcək. Bəs əgər bu, Yaxın Şərqi silahlanma yarışına sürükləsə, necə olacaq? Türkiyə yeni, 6 min kilometr mənzilli ballistik raketə malik olduğunu bəyan edib.
Asif Cəfərov
Ordu.az